ÖLKƏ
14:35 / 26.06.2022
179

"Yanğınların lokallaşdırılmasına nail olmuşuq" - “Amfibiya”nın mühəndisi

"Biz iki uçuş həyata keçirərək yanğın olan ərazilərə 120 tondan artıq su boşaltmışıq, bununla da yanğınların lokallaşdırılmasına nail olmuşuq".

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, bu sözləri Marmarisdə meşə yanğınlarını söndürmək üçün Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin uçuş mühəndis-təlimatçısı Cavid Qəhrəmənlı deyib.

"Heç istəməzdik ki, qardaş Türkiyədə bu cür fövqəladə hadisə olsun, amma digər tərəfdən də bizim üçün bu yanğınların söndürülməsində iştirak etmək böyük şərəfdir. Bu gün etibarı ilə qarşımıza qoyulan bütün tapşırıqları tam yerinə yetirmişik. Mərkəzləşdirilmiş yerli koordinasiya mərkəzinin yeni tapşırıqlarını gözləyirik. Lazım olduğu təqdirdə mərkəzdən verilən koordinatlara uyğun olaraq yenidən yanğınsöndürmə prosesində iştirak edəcəyik", - deyə o bildirib.

C. Qəhrəmanlı amfibiya tipli təyyarənin bu il Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində əhəmiyyətli rol oynadığını da qeyd edib.

"Bildiyiniz kimi, amfibiya tipli təyyarələr ekstremal şəraitdə idarə olunduğuna görə digərləri ilə müqayisədə onun ekipajına xüsusi hazırlıq tələb olunur. Bizim ekipaj da yüksək peşəkarlığı ilə seçilir. Aramızda gənc pilotlar da var, onlar da burada vacib təcrübə qazanır və indiyədək qarşıya qoyulan bütün tapşırıqların icrasında heç bir problem yaşamamışıq".

Həmsöhbətimiz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan gəlmiş uçuş heyəti ilə görüşdüyünü xatırladaraq, bunun ekipaj üçün böyük şərəf olduğunu vurğulayıb.

0