Azərbaycanın məşhur yəhudiləri - Soyadları nə məna daşıyır?

ÖLKƏ
09:26 / 20.05.2023
1382

Azərbaycanın indiki ərazisində yəhudilərin məskunlaşma tarixi çox qədimdir. Müasir Azərbaycanın yəhudi əhalisi kifayət qədər müxtəlifdir. Onlar aşkenaz, dağ və Qafqaz yəhudi qruplarına bölünürlər. Dünya üzrə isə bu qrupların sayı daha çoxdur.  

HİT.az lent.az-a istinadən əslən Azərbaycandan olan məşhur yəhudilər barədə məlumat verir:

Harri Kimoviç Kasparov bir zamanlar dünya şöhrətli şahmatçı olsa da, indi uğursuz siyasətçi kimi tanınır.

Harrini əksəriyyət erməni kimi tanısa da, o yarıyəhudi, yarı ermənidir. Anasının qızlıq soyadı olan Kasparov soyadından 12 yaşında, öz şahmat karyerasının uğurlu olması üçün istifadə etməyə başlayıb. Buna qədər o Harri Vaynşteyn idi. Vaynşteyn şərab daşı anlamını verir.  Bu familiyanı adətən şərabçılıq və aşpazlıqla məşğul olan nəsillər daşıyırdılar. Kasparovun atası yəhudi xalqının aşkenaz qrupundandır.

“Nobel” mükafatı almış  fizika-riyaziyyat elmləri doktoru  Lev Landau Bakıda neft mühəndisi ailəsində doğulub. Bakıda ali təhsil alan Lev təhsilini Rusiyada davam etdirib. Bakıda adına küçə olan bu alim də aşkenaz yəhudisidir. Əsil - nəcabətləri Bavariyadandır. Landau soyadı da elə Bavariyadakı Landau şəhərindən götürülüb. Bu soyaddan orda yaşamış yəhudilər istifadə ediblər. Onların bir hissəsi də Lander soyadından istifadə edirlər.

Qavriil İlizarovun anası aşkenaz, atası dağ yəhudisi idi. O, Belorusda doğulsa da, ailəsi sonradan Azərbaycana köçüb. İlizarov məşhur həkim idi. Siz onun adını “İlizarov aparatı” deyilən tibbi cihazla bağlı çox eşitmisiniz. Soyadı isə Eliezar adlı bir mələyin adından götürülüb. “El” Tövratda Tanrının adlarından biridir. Ümumilikdə Eliezar “Tanrı mənə köməkdir” anlamını verir. İlizarov da mələk kimi çox xəstələrə kömək etdi, şəfa verdi.

Biznesmen Qod Nisanov Moskvada çoxlu sayda daşınmaz əmlak sahibi olan böyük ticarətçidir. Azərbaycanda olanda atasının konserv zavodunda işləyib. İndi ən varlı moskvalı sayılır. Nisanov soyadı yəhudi təqviminin ilk  ayı olan  Nisandan götürülüb. Miladi təqvimində Mart - aprel aylarına uyğun gəlir. Türklər də aprel ayına Nisan deyirlər. Dağ yəhudiləri arasında Nisanov soyadına çox rast gəlinir.

Yuli Qusman məşhur azərbaycanlı yəhudilərdəndir. O özünün kiçik vətəni  hesab etdiyi Bakını çox sevir. Qusman soyadı german dillərindən alınıb, iki sözdən ibarətdir. Təsərrüfat və insan anlamını verir. İlk yaranışda bu soyadı Almaniyada yaşayan ispanlar daşıyıblar. Sonralar Almaniyada yaşayan yəhudilər də bu soyadın daşıyıcılarına çevriliblər.

Telman İsmayılov bir zamanlar Moskvada yaşasa da, indi kapitalını da götürüb Monteneqroda məskunlaşıb. Dağ yəhudisidir. Dağ yəhudiləri arasında İsmayıl adı geniş yayılıb. İsmayıl İbrahim peyğəmbərin oğullarından birinin adıdır və müsəlmanlar üçün də müqəddəsdir. Ərəblər İsmayılın törəmələridir. Hər il kəsdiyimiz İsmayıl qurbanını yada salsanız, söhbətin kimdən getdiyini xatırlayarsınız.

0