Bütün cəhdlər nəticəsiz qaldı: Əhliləşdirilməsi mümkün olmayan heyvanlar

DÜNYA
22:56 / 25.11.2026
41

İnsanlar tarix boyu müxtəlif vəhşi heyvanları əhliləşdirərək təsərrüfatda istifadə etməyə çalışıblar. Lakin bəzi növlərlə bağlı onilliklər davam edən təcrübələrə baxmayaraq, bu məqsədə nail olmaq mümkün olmayıb. Afrika antilopası kanna və sığın belə heyvanlar sırasındadır.

HİT.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Zoologiya Muzeyinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Natalya Spasskaya “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Bioloqun sözlərinə görə, iri Afrika heyvanı olan kanna südünün özünəməxsus tərkibi və faydalı xüsusiyyətləri ilə diqqət çəkir. Onun əhliləşdirilməsi istiqamətində ilk ciddi təcrübələr XX əsrin əvvəllərində “Askaniya-Nova” qoruğunda aparılıb.

Kannalar ümumilikdə sakit heyvanlar hesab edilsələr də, çoxalma dövründə erkəkləri təhlükəli ola bilir. Dişilərinin uzun və iti buynuzları da onlarla işləməyi çətinləşdirir. Uzun illər davam edən araşdırmalara baxmayaraq, bu heyvanların südündən sənaye miqyasında istifadə etmək mümkün olmayıb. Hazırda bəzi Afrika ölkələrində bu istiqamətdə işlərin davam etdiyi bildirilir.

Əhliləşdirilməsi uğursuz nəticələnən digər heyvan isə sığındır. Güclü bədən quruluşuna və dərin qarda hərəkət etmək qabiliyyətinə malik bu heyvan əvvəllər nəqliyyat vasitəsi kimi istifadə üçün perspektivli hesab olunub. Xüsusilə iri buynuzlu mal-qaranın saxlanmasının çətin olduğu şimal ərazilərində sığının təsərrüfat əhəmiyyətinin yüksək ola biləcəyi düşünülüb.

1940-cı illərdə Sovet İttifaqında bir neçə sığın ferması yaradılıb. Heyvanlar qoşquya öyrədilib, dişilərindən süd əldə edilməsinə başlanılıb. Araşdırmalar nəticəsində sığın südünün də özünəməxsus tərkibə və müalicəvi xüsusiyyətlərə malik olduğu müəyyənləşdirilib.

Lakin sığınların bioloji xüsusiyyətləri onların tam əhliləşdirilməsinə mane olub. Bu heyvanlar təbiətdə tək yaşayır və qidalandıqları ərazilər onlarla kvadrat kilometrə qədər uzana bilir. Buna görə də onları fermalarda saxlamaq böyük əmək və xərc tələb edib.

Sonradan tədqiqatçılar yarımsərbəst saxlama üsuluna keçiblər. Dişi sığınlar xüsusi siqnalla sağım üçün fermaya gəlməyə öyrədilsə də, çoxalma dövründə erkəklərin, eləcə də balası olan dişilərin aqressiv davranışı işi çətinləşdirib. Nəticədə sığınların əhliləşdirilməsi üzrə proqramlar tədricən dayandırılıb.

Spasskayanın sözlərinə görə, hazırda Rusiyanın Kostroma vilayətində yalnız bir sığın ferması fəaliyyət göstərir.

Bioloq vurğulayıb ki, heyvanların əhliləşdirilməsi uzunmüddətli və mürəkkəb prosesdir. Bu zaman təkcə onların insanlara uyğunlaşması deyil, davranış xüsusiyyətləri, qidalanması, çoxalma dövrü və saxlanma şəraiti də nəzərə alınmalıdır.

Samir
 

0