Balıq konservləri arasında çox vaxt tuna balığına üstünlük verilsə də, daha münasib qiymətə satılan başqa bir məhsul da zəngin qida dəyəri ilə seçilir. Söhbət zülal, omeqa-3 yağ turşuları, D və B12 vitaminləri ilə yanaşı, yod, selen və fosforla zəngin siyənək balığından gedir.
HİT.az xəbər verir ki, “Planeta.pl” nəşrinin yazdığına görə, konservləşdirilmiş siyənək həm əlçatan qiyməti, həm də faydalı maddələrin tərkibi baxımından gündəlik qidalanmada yer ala bilər.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri bu balığın civə miqdarının nisbətən az olmasıdır. Tuna kimi iri balıqlarla müqayisədə siyənək qida zəncirinin daha aşağı pillələrində yerləşən kiçik balıqdır. Buna görə də onun orqanizmində civə daha az toplanır.
Siyənəyin tərkibindəki omeqa-3 yağ turşuları ürək-damar sisteminin və beynin normal fəaliyyətini dəstəkləyir. Məhsulun uzun müddət saxlanıla bilməsi və münasib qiyməti də onu gündəlik menyu üçün əlverişli seçimə çevirir.
Siyənək balığının sağlamlığa faydaları
Ürək və beyin sağlamlığı: Omeqa-3 yağ turşuları ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, beyin funksiyalarını dəstəkləyir və iltihabi proseslərin tənzimlənməsində iştirak edir.
Sinir sisteminin fəaliyyəti: B12 vitamini sinir hüceyrələrinin normal işləməsi və qırmızı qan hüceyrələrinin yaranması üçün vacibdir. Onun çatışmazlığı müəyyən hallarda qanazlığına səbəb ola bilər.
Qalxanabənzər vəz və immunitet: Siyənəkdə olan yod və selen orqanizmin normal fəaliyyəti üçün əhəmiyyətlidir. Fosfor isə sümüklərin və dişlərin sağlamlığının qorunmasına kömək edir.
Sümük möhkəmliyi: D vitamini kalsiumun mənimsənilməsində iştirak edir, sümük və dişlərin möhkəmliyini dəstəkləyir.
Əzələlərin bərpası: Balığın tərkibindəki keyfiyyətli zülal orqanizmi vacib amin turşuları ilə təmin edir, toxumaların bərpasına və toxluq hissinin yaranmasına kömək göstərir.
Konservləşdirilmiş siyənəyi necə yemək olar?
Bu məhsuldan müxtəlif yeməklərin hazırlanmasında istifadə etmək mümkündür. Siyənək kartof və təzə tərəvəzlərdən hazırlanan salatlara əlavə edilə, çörəklə, soğan, duzlu xiyar və yumurta ilə birlikdə süfrəyə verilə bilər.
Digər variant isə balıqdan sendviç üçün qarışıq hazırlamaqdır. Bunun üçün siyənəyi kəsmik və ya təbii yoqurtla qarışdırmaq kifayətdir. Bu məhsullar balığın dadını yumşaldır.
Bununla belə, konservləşdirilmiş siyənəyin duz miqdarına diqqət yetirmək lazımdır. Bəzi məhsullarda natriumun miqdarı yüksək ola bilər. Zərurət yarandıqda balığı qısa müddət yaxalamaq və ya az duzlu ərzaqlarla birlikdə istifadə etmək mümkündür.
Konserv alarkən nələrə diqqət edilməlidir?
Məhsul seçərkən qablaşdırmanın üzərindəki tərkib və qida dəyəri məlumatlarını oxumaq vacibdir. Xüsusilə natriumun miqdarı nəzərə alınmalıdır. Həddindən artıq duz qəbulu arterial təzyiqin yüksəlməsinə və ürək-damar sağlamlığı ilə bağlı problemlərə səbəb ola bilər.
Balığın hansı mayedə saxlanılması da əhəmiyyətlidir. Yağda konservləşdirilmiş siyənək, adətən, öz şirəsində hazırlanan məhsulla müqayisədə daha kalorili olur. Tərkibində artıq qatqılar, çoxlu şəkər və süni dadlandırıcılar olmayan məhsullara üstünlük vermək tövsiyə edilir.
Nəşr daha əvvəl üç dietoloqun balıq konservləri arasında ən faydalı hesab etdikləri məhsul barədə fikirlərini də dərc edib. Mütəxəssislər sardinanı önə çəkiblər. Bu balıq omeqa-3 yağ turşuları və kalsiumla zəngindir, eyni zamanda bir çox digər balıq növləri ilə müqayisədə daha az civə ehtiva edir.
Samir


