Elmir Əkbər: "Övladını tez ərə verən valideynlər həbs olunmalıdır"

ÖLKƏ
13:06 / 24.11.2023
673

"Təəssüf ki, ər-arvad arasındakı qətl hadisələri artıb. Bunun isə bir neçə səbəbi var".

Bu sözləri tanınmış psixoloq, psixoterapevt Elmir Əkbər HİT.az-a açıqlamasında deyib. 

O bildirib ki, koronavirus pandemiyasından sonra insanların psixoloji vəziyyəti ciddi şəkildə dəyişib:

"Birincisi, ondan sonra insanlarda paranoya, aqressiya və şübhəçilik kimi bir sıra hallar artıb. İkincisi səbəb də cahillikdir. Ailədə problemlər olanda həkim-psixoterapevt və ya klinik psixoloqa müraciət etmək lazımdır. Amma bunu etmirlər. Problemlərin öz-özünə həll olacağını fikirləşirlər. Nəticə isə göz qabağındadır. Üçüncüsü də qızlar ailələrinə həyat yoldaşlarından şikayət etdikdə deyirlər ki, "otur yerində". Bütün bunlar isə ölümlərə gətirib çıxarır. Məsələni aydınlaşdırmaqdan və qaydasına qoymaqdansa, qızlarına deyirlər ki, "o evdən ancaq ölün çıxa bilər". Təəssüf ki, o dedikləri də baş verir". 

Psixoterapevt qeyd edib ki, qadınlar canlarının qədrini bilməli və özlərinə dəyər verməlidirlər:

"Adətən cinayətə qədər bir çox problem yaşanır. Əslində zamanında müəyyən tədbirlər görülməlidir. Qətl törədənlərin əksəriyyəti psixiatrik və nevroloji xəstələr olur. Hansı ki, onlar psixoloji xəstələrdən daha ağır vəziyyətdə olurlar. Əfsuslar olsun ki, bir çox hallarda elə insanların sağalma ehtimalları çox azdır. Ona görə də qadınlar təmasda olduqları həmin insanların düzələcəyinə ümid bəsləməməlidirlər.

Ümumiyyətlə, insan öz haqlarını bilməlidir. Bunun üçün isə öz ayaqları üzərində dayanmalıdır. Bəzi qadınlar isə şiddət görmələrinə rəğmən dözürlər. Çünki bilirlər ki, ayrılsalar heç kim olacaqlar. Yəni vaxtında tez ərə getdikləri üçün nə təhsilləri olur, nə də işləyə bilirlər. Ona görə həmişə birinci növbədə valideynləri qınayıram". 

Elmir Əkbər hesab edir ki, övladını tez ərə verən valideynlər həbs olunmalıdırlar:

"Hətta həmin əraziyə nəzarət edən şəxslərin də həbs edilməsinin lazım olduğunu düşünürəm. Əks təqdirdə, bu problemlər həll olmayacaq.

Nəzərə almaq lazımdır ki, sadəcə valideynləri ölüm ayağında olanların 17 yaşında ailə qurmasına icazə verilir. Bu isə faktlarla sübut edilməlidir. Fikrimcə, belə insanların hər birinin xəstəliyi tibbi ekspertiza tərəfindən yoxlanılmalıdır. Ölümcül xəstəliyi olmamasına rəğmən, övladını erkən evləndirən valideyn həbs olunmalı və cinayət məsuliyyəti artırılmalıdır. 

Məncə, bəzi cinayətlərlə və erkən nikahlarla bağlı cəzalar da azdır. Ümumiyyətlə, nikah yaşı artırılmalıdır. 17,18 və ya 19 yaşda ailə qurmaq olmaz. Ona görə ki, buna hazır olmurlar. Bunların yaşanmaması üçün bir sıra tədbirlər görülməlidir. Çünki ər-arvad arasındakı qətllərdə erkən nikahların rolu böyükdür".

Pərviz

0