Bacılara son söz üçün 1 həftə verildi

ÖLKƏ
20:53 / 28.11.2023
172

Binəqədi Rayon Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda vəkillər müdafiə çıxışı ediblər.

Aytac Əliyevanın vəkili Ceyhun Yusifov düşünür ki, bu iş ilkin istintaq dövründən düzgün aparılmayıb. Vəkilin dediyinə görə, müvəkkilinin əməlində nəinki cinayət, mülki pozuntu belə yoxdur: “Bu iş Məlikməmməd nağılından başqa bir şey deyil. Bu adamı uydurma cinayət məsuliyyətinə cəlb etmək istəyirsizsə, elə edin ki, bir az reallığa bənzəsin. Bundan başqa, verilən işin həcmini 311-ci (rüşvət alma) maddə təşkil edirsə, niyə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparıb, maraq nədir? Aytacın kifayət qədər nüfuzu var, statusu digərlərindən fərqlidir. 1 il yarım ərzində 20 dəfə qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişəm, hər dəfə vəsatətim rədd edilib. İndi də xanım müttəhim ağır onkoloji xəstədir. İstintaq orqanı dələduzluq ittihamı qırılmasın deyə rüşvət almanı da əlavə edib. Belə şey olar?! Mən əvvəllər Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəni görəndə ixtisasıma görə təşəkkür etmək istəyirdim, indi deyirəm ki, ay Allah, mən niyə hüquq oxudum...”

Vəkil yekunda bəraətverici hökm çıxarılacağına ümid etmədiyini ifadə edib.

İlknur İsmayılovanın vəkili Xavər İsmayılova da məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. O deyib ki, müvəkkili qızıl alveri ilə məşğul olub. Alış-veriş zamanı da hesabına pullar köçürülüb: “Burda kiminsə etibarından sui-istifadə yoxdur. Məhkəmə istintaqı dövründə də sübut olundu ki, ittihamda göstərilən məbləğlər real deyil. Mən bacıların təqsirsiz olduğunu düşünürəm, ona görə də hər ikisinə bəraət verilməsini xahiş edirəm”. 

Təqsirləndirilən bacılara son sözə hazırlaşmaq üçün dekabrın 5-nə kimi vaxt verilib. 

Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.

0