Şagirdi döyən müəllim maksimum necə cəzalandırılır?

ÖLKƏ
23:59 / 28.11.2023
250

Tez-tez müəllimlərin şagirdləri döyərək xəsarət yetirmələri barədə xəbərlərə rast gəlirik. Sosial şəbəkələrdə bəzi izləyicilər belə hadisələrə soyuq yanaşsalar da, bəziləri müəllimin ciddi cəzalanmasını, hətta cinayət məsuliyyətinə cəlb olunmasını istəyirlər.

Bəs görək, ölkə qanunvericiliyinə əsasən, şagirdi döyən müəllimə maksimum hansı cəza verilə bilər?

“Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev məsələ barədə Lent.az-a bildirib ki, cəzanın təyin edilməsi faktın təsdiqini tapmasından asılıdır:

“Ümumən müəllimin şagirdi döyməsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir. Burada əsas olan hüquq-mühafizə orqanlarının araşdırması və faktın təsdiqini tapmasıdır. Şəxsin döyülmə nəticəsində yüngül xəsarətlə alması təsdiqini taparsa, hadisənin kim tərəfindən törədilməsi fərq etmir və cinayət məsuliyyətinə səbəb olur. Bu, əmək qabiliyyətinin cüzi itirilməsi və sağlamlığın qısa müddətli pozulmasıdır. Belə olduğu halda şəxs 1 il müddətinə azadlıqdan məhrum edilə bilər.
                    
Ancaq xəsarətin dərəcəsini müəyyən etmək mümkün deyilsə, barışıq əsasında icraata xitam verilə bilər.

Müəllim və daha yüksək vəzifəli təhsil işçilərinin şagirdlə kobud davranması mənəvi məsələdir. Onlar daha nəzakətlə davranmalıdırlar”.

Qeyd edək ki, bir neçə gün əvvəl Quba-Xaçmaz regional təhsil idarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz şəhər 4 saylı orta məktəbdə yoxlama zamanı 9-cu sinif şagirdini döyüb. Hadisə barədə şagirdin valideynləri polisə şikayət ediblər.

Bu gün isə idarənin müdiri istefa verdiyini açıqlayıb.

0