Zəlzələnin insanlara hansı psixoloji təsirləri olur? - Psixoloq AÇIQLADI 

12:54 / 08.12.2023
409

"Zəlzələdən sonra insanların əksəriyyətində istər-istəməz qorxu yaranır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, bu qorxu hər insanda fərqli şəkildə olur:

"Yəni zəlzələ qorxusu hər insana nevroloji və psixoloji olaraq eyni şəkildə təsir göstərmir. Ümumiyyətlə, zəlzələnin 2 nəticəsi olur. Birinci versiyada heç bir fəsad baş vermir, ikincidə isə dağıntılar və ölümlər olur. Əlbəttə ki, zəlzələ nəticəsində yaxınlarını itirirən və ya evləri dağılan insanlar daha ağır təsirə məruz qalırlar. Bu da onlarda daha ağır problemlərə və depressiyalara səbəb olur. 

Zəlzələ nəticəsində hansısa fəsadların baş verməməsi isə insanlara nisbətən fərqli təsir göstərsə də, onlarda nevroloji və psixoloji problemlər yaranır. Bu təsir kiməsə daha az, kiməsə daha çox təsir göstərir. Onlarda depressiya, panik atak, sıxıntılar və yuxu pozulmaları olur. Həmçinin, stress mədə-bağırsağa da təsir göstərdiyi üçün iştah zəifləyir". 

339413

Həmsöhbətimiz qeyd edib ki, bəzi insanlar yenidən zəlzələnin olacağından qorxaraq narahat yatırlar:

"Bunları düşünən insanlarda qorxu və sıxıntılar olur. Hətta zəlzələ anında nələr edəcəklərini düşünürlər. Ancaq məsələyə nisbətən yüngül yanaşanlar da var. Onlarda isə sadəcə 2-3 gün qorxu və həyəcan baş verir. Sonra hər şey get-gedə öz qaydasına düşür".

Psixoloq vurğulayıb ki, əslində zəlzələlərdən sonrakı problemlər çox davam etməməlidir:

"Sözügedən qorxunun 1 həftədən artıq davam etməsi daha ağır depressiv halların olduğunu göstərir. Bu zaman psixoterapevtə, psixoloqa və nevropatoloqa müraciət edərək, dəstək almaq lazımdır. Çünki bu qorxunun 1 aydan artıq davam etməsi böyük bir psixoloji problemin yaranması deməkdir. Amma sözügedən problemlərin 3-4 gün davam etməsi sadəcə qorxunun əlamətidir və zamanla keçib gedəcək". 

Pərviz

0