Piramida sisteminə inanmamaq üçün nələri bilməliyik? - İqtisadçı DANIŞDI

ÖLKƏ
14:35 / 06.02.2025
64

"İnsanlar yüz illərdir piramida sisteminə adlanmağa davam edirlər. Görünür, bundan sonra da sözügedən sistemə inanan insanlar olacaq". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bəzi insanlar pul yatırdıqları sistemin piramida sistemi olduğunu bilmirlər: 

"Sadəcə sürətli şəkildə varlanmaq üçün aldanırlar. Bəzi şəxslər az vəsait qoyaraq, onu dəfələrlə artırmaq istəyirlər. Lakin acgöz olmaq lazım deyil. Nəzərə almaq lazımdır ki, əgər investisiya etdiyiniz vəsait sürətli şəkildə artırsa, sabah pulunuzu da itirə bilərsiniz. Yəni bu cür tələlərə düşən insanlar acgöz və daha tez varlanmaq istəyənlər olur".

367242

Ekspert qeyd edib ki, həmin insanlar riskləri düzgün qiymətləndirmirlər:

"Onlar, sadəcə işin bir tərəfini görürlər. Filankəsin yaxşı hekayəsi var, pulunu sürətlə artırdı deyə gedib investisiya edirlər. Nəticədə, əziyyət çəkmədən tez varlanmaq istəyinin yaratdığı problemlərlə üzləşirlər. 

Vətəndaşlar bilməlidirlər ki, hazırda Azərbaycandakı ən yaxşı bizneslərdə qoyulan investisiyaya nisbətdə illik gəlir 20-25 faizdir. Ondan daha çox gəlir gətirən, qoyulan pulu 4-5 ildən tez çıxaran nadir bizneslər tapmaq olar. Onlar, bunun üçün durmadan çalışırlar, əziyyət çəkirlər".

Xalid Kərimli vurğulayıb ki, heç nə etmədən pul 50-100 faiz artırsa, deməli, burada hansısa risklər var:

"Ümumiyyətlə, piramida sistemini quranlar etibardan sui-istifadə edirlər. Onlar, həmişə özlərinə cəlbedici və "gəlirli" hekayə uydururlar. 

Vətəndaşlar öz vəsaitlərinin az hissəsini riskli layihəyə yatırmalıdırlar. Bütün pulları bir istiqamətə yönəltmək doğru deyil. Ona görə də insanlar bu cür investisiya yatırımları edərkən ekspertlər və sahənin peşəkarları ilə məsləhətləşməlidirlər". 

Pərviz

0