Azərbaycanda fəaliyyət göstərən mobil operatorların son qərarı etirazlara səbəb olub.
Belə ki, bütün mobil operatorlar artıq aylıq abunə haqqı tarifinə keçid ediblər. Yəni əvvəlki kimi 2 manat yükləməklə nömrə 1 ay aktiv qalmır. Nömrənizin aktiv qalması üçün mütləq şəkildə tarif seçmək tələb olunur. Lakin ortada ədalətli bir seçimdən söhbət getmir. Çünki ucuz tarif paketlərinin hamısı ləğv olunub. Artıq hər nömrə üçün aylıq ortalama 12 manat ödəniş tələb olunur. Üstəlik, adı aylıq olsa da, operatorların hamısı ayı 28 gündən hesablayır. Yəqin ki, bütün ayları fevral kimi görürlər. Bu mənasızlığın başqa izahı yoxdur.
12 manatın qarşılığında isə internet və dəqiqə verilir. İnternet istifadə edib-etməmənizdən asılı olaraq məcburi halda sizə satılır. Bu, biabırçılıqdır. Təsəvvür edin, mağazaya gedirsiniz, satıcı sizə deyir ki, “çörək almaq üçün mütləq yağ da almalısınız”. Yəni insanın ehtiyacı olmayan nəyinsə ona məcbur satılması istehlakçı hüquqlarının da kobud şəkildə pozulmasıdır. Ölkədə internetdən və hətta smartfondan istifadə etməyən çox sayda insan var. Hərçənd ki, mobil operatorlar onları nəzərə almayaraq, belə absurd qərar verir.
Onu da qeyd edək ki, yeni qərar bir neçə nömrə işlədənlərə və ya 4 nəfərlik bir ailə üçün lazımsız fantastik xərc deməkdir. Bu, mobil operatorların özbaşınalığıdır. Hətta bunun adı soyğunçuluqdur...
AĞ Partiya başqanı Tural Abbaslı mobil operatorların skandal addımları ilə bağlı Hit.az-a açıqlama verib.
O bildirib ki, mobil operatorlar qiymətləri özbaşına qaldırır, tarifləri istədikləri kimi müəyyən edir və abonentlərə istədikləri şərtləri birmənalı olaraq diktə edirlər:
“Artıq aidiyyatı qurumlar bu məsələyə müdaxilə etməlidir. Ümumiyyətlə, Azərbaycanda niyə cəmi üç mobil operator var? Baxmayaraq ki, Azərbaycan əhalisi Gürcüstandan da, Ermənistandan da çoxdur. Lakin burada sərbəst rəqabət yoxdur. Üç mobil operator öz aralarında qanunsuz razılaşmalar əldə edirlər və abonentləri fakt qarşısında qoyurlar. Əslində, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin işi onlara nəzarət etməkdir”.
Siyasətçi qeyd edib ki, vətəndaşlar öz haqlarını qorumalı deyil, dövlət belə böyük operatorlar qarşısında, korporasiyalar qarşısında vətəndaşların haqq və hüquqlarını qorumalıdır:
“Yəqin ki, operatorlarla dövlətin aidiyyatı qurumu arasındakı bəzi məmurlarla qanunsuz razılaşmaları var. Ona görə də 2-3 aydan bir tariflərin və mobil internetin qiymətini qaldırırlar. Əlbəttə ki, bu belə olmalı deyil. Dövlət öz vətəndaşını belə böyük şirkətlər qarşısında qorumalıdır. Mən belə hallara qarşı aid aidiyyatı qurumları vəzifə başına dəvət edirəm ki, vətəndaşların mobil operatorlar qarşısında əzilməsinə imkan verməsinlər”.
Partiya sədri diqqətə çatdırıb ki, dövlət bu məsələyə əl atmalıdır:
“Bir adamda 2-3 nömrə ola bilər. Bu isə o deməkdir ki, həm onun, həm də ailə üzvlərinin aylıq nömrə xərci kifayət qədər çox olacaq. Bu, insanların yaşayışına və aylıq dolanışığına birbaşa təsir edən amildir. Vətəndaşların etirazlarını kütləvi şəkildə sosial şəbəkələrdə bildirməsindən başqa əlacları qalmır. Hesab edirəm ki, dövlət bu məsələyə əl atmalı və sabit tariflər müəyyən olunmalıdır. Hətta bu tariflərin qiymətinin qaldırılması və endirilməsi periodları da qanunla tənzimlənməlidir”.
Elmir Mustafa



