Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xaricdən idarə olunan kiberdələduz şəbəkələrin dövlət qurumları, müəssisə və təşkilatların əməkdaşlarını hədəfə alması ilə bağlı yaydığı məlumat bu cür hücumlardan qorunma məsələsini yenidən aktuallaşdırıb.
DTX-nin məlumatına əsasən, cinayətkar şəbəkələr xüsusi proqramlardan istifadə etməklə açıq internet resurslarından əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə toplayır, daha sonra isə rəhbər şəxslərin fotoşəkilləri və adlarından istifadə etməklə yaradılmış saxta "WhatsApp" hesablarından onlara "təcili" xarakterli mesajlar göndərirlər. Məqsəd qarşı tərəfdə etibar yaratmaq və nəticədə onu pul köçürməyə və ya digər tapşırıqları yerinə yetirməyə sövq etməkdir.
Məsələ ilə bağlı "Report"a açıqlama verən informasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov deyir ki, açıq internet resurslarından əlaqə məlumatlarının toplanmasının qarşısını tam almaq texniki baxımdan mümkün deyil: "İnternet açıq məlumat mühitidir və burada ictimai şəkildə yerləşdirilmiş məlumatlardan müxtəlif məqsədlərlə istifadə edilə bilər. Veb ümumi paylaşım platformasıdır. Əgər hər hansı məlumat açıq şəkildə paylaşılıbsa, ondan istifadə olunması mümkündür. Buna görə də əsas məsələ məlumatın toplanmasının qarşısını almaqdan daha çox, həmin məlumatlardan istifadə etməklə həyata keçirilən dələduzluq cəhdlərinə qarşı hazırlıqlı olmaqdır".
Ekspert hesab edir ki, əməkdaşlar "WhatsApp" üzərindən tanımadıqları nömrələrdən rəhbər şəxslərin adından göndərilən mesajlara xüsusi diqqətlə yanaşmalıdırlar: "Əgər rəhbər şəxsin nömrəsi əməkdaşın ünvan kitabçasında yoxdursa və həmin hesabla əvvəllər "WhatsApp" vasitəsilə ünsiyyət qurulmayıbsa, bu hesabla əlaqəyə girmək olmaz. "WhatsApp" özü də mesaj göndərən şəxsin kontaktlar siyahısında olmadığını göstərir və bloklama imkanı təqdim edir. Hesabın həqiqiliyinə əminlik yoxdursa, onu bloklamaq lazımdır".
Onun fikrincə, belə halların qarşısının alınmasında təşkilatların daxili informasiya təhlükəsizliyi qaydaları xüsusi əhəmiyyət daşıyır. Qurum və şirkətlər işgüzar tapşırıqların hansı kommunikasiya kanalları vasitəsilə verilməsini əvvəlcədən dəqiq müəyyən etməlidirlər.
"Qurumlar daxilində təhlükəsizlik qaydaları olmalıdır. Məsələn, müəyyən edilməlidir ki, iş tapşırıqları "WhatsApp" kimi mesajlaşma vasitələri ilə deyil, yalnız korporativ elektron poçt vasitəsilə verilir. Belə qaydaların mövcudluğu əməkdaşın saxta hesabdan aldığı tapşırığı daha asan müəyyən etməsinə imkan verir", – ekspert vurğulayıb.
V.Qasımov hesab edir ki, iş tapşırıqlarının idarə olunması üçün qurum və şirkətlər korporativ səviyyədə xüsusi "task manager" sistemlərindən istifadə etməlidirlər.
"İş tapşırıqlarının idarə edilməsi üçün korporativ səviyyədə xüsusi "task manager" tipli sistemlərdən istifadə olunmalıdır. Nə qədər ki, iş tapşırıqları "WhatsApp" vasitəsilə veriləcək, dələduzların bu kommunikasiya prosesinə müdaxilə etməsinə imkan qalacaq. Tapşırıqların xüsusi korporativ sistemlər üzərindən verilməsi isə həm onların mənbəyini təsdiqləməyə, həm də prosesə nəzarəti gücləndirməyə imkan verir", – ekspert bildirib.


