Pinqvinlər adanı rekord zamanda gec tərk etdi: Səbəbi nədir?

DÜNYA
18:59 / 11.08.2026
32

Ukraynalı qütb tədqiqatçıları Antarktidadakı Qalindez adasında subantarktik pinqvinlərin rekord dərəcədə gec miqrasiya etdiyini qeydə alıblar.

HİT.az xəbər verir ki, Ukraynanın “Akademik Vernadski” stansiyasında çalışan alimlərin məlumatına görə, ötən il pinqvinlər adanı mayın ilk yarısında tərk etmişdi. Bu il isə hətta iyulun ortalarında adada təxminən 4 min quş müşahidə olunurdu.

Mütəxəssislər pinqvinlərin gec köçməsini bölgədə qeyri-adi dərəcədə mülayim qışla əlaqələndirirlər. İyulun sonunadək stansiyanın yaxınlığında güclü şaxtalar müşahidə olunmayıb, suyun temperaturu isə donma həddinə düşməyib.

Nəticədə dəniz qalın buz təbəqəsi ilə örtülməyib və pinqvinlər əsas qida mənbələri olan krill və balıqları ovlamağa davam edə biliblər.

Lakin iyulun 21-22-də vəziyyət dəyişib. Havaların soyuması ilə Qalindez ətrafında buz əmələ gəlməyə başlayıb və pinqvinlərin okeanda qida axtarması çətinləşib. Bundan sonra adada yalnız kiçik qruplar, ayrı-ayrı cütlüklər və tək-tək quşlar qalıb. Son günlərdə isə nə tədqiqatçılar, nə də müşahidə kameraları adada heç bir pinqvin qeydə almayıb.

Bioloq Oleq Qoryainovun sözlərinə görə, subantarktik pinqvinlər daha isti ərazilərə, yəni şimala doğru hərəkət ediblər.

Mütəxəssis qeyd edib ki, çoxalma mövsümü başa çatdıqdan sonra bu quşlar koloniyalarına əvvəlki kimi bağlı olmur. Onlar yaxınlıqdakı adalar və yemlənmə əraziləri arasında hərəkət edərək qida tapmaq üçün daha əlverişli yerlər axtarırlar.

Bununla belə, pinqvinlər adətən öz yaşayış arealından çox uzağa getmirlər və əsasən Antarktida yarımadası boyunca Qalindezdən daha şimalda yerləşən adalarda məskunlaşırlar.

Pinqvinlərin Qalindezdə olmaması uzun sürməyəcək. Antarktidada yaz başlayanda quşların yeni çoxalma mövsümü üçün adaya qayıtması gözlənilir.

Bu proses artıq təxminən 20 ildir davam edir. Mütəxəssislərin məlumatına görə, Qalindezdə subantarktik pinqvinlərin sayı da hər il artır. Ötən çoxalma mövsümündə adada onların sayı 10 mini ötüb.

Samir

0