Çimmək üçün ördəklərin yuva saldığı, çoxlu su molyusklarının yaşadığı, sahilləri bitkilərlə örtülmüş və “çiçəklənmə” əlamətləri olan axarsız su hövzələrini seçmək məsləhət görülmür.
HİT.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Maarifləndirmə Universitetinin coğrafiya, geoekologiya və təbiətdən istifadə kafedrasının professoru Sergey Gildenskiold gazeta.ru-ya açıqlamasında belə tövsiyələr verib.
“Daha təhlükəsiz çimmək üçün rəsmi çimərliklərə üstünlük vermək lazımdır. Onlar sanitar nəzarətdən keçirilir, zəruri avadanlıqlarla təchiz olunur və burada xilasedicilər növbə çəkirlər. Çimmək üçün başqa su hövzələrini nəzərdən keçirmək lazım gəlirsə, onların təhlükəsizlik səviyyəsini ciddi şəkildə qiymətləndirmək lazımdır. Heyvandarlıq fermalarının və fərdi təsərrüfat tikililərinin yaxınlığında suya girmək olmaz – belə yerlərdə suyun çirklənməsi riski yüksəkdir. Sahilləri bitkilərlə örtülmüş və “çiçəklənmə” əlamətləri olan su hövzələrindən də uzaq durmaq daha yaxşıdır. İsti havalarda burada təhlükəli mikroorqanizmlər sürətlə çoxalır. Mümkün təhlükələr arasında enterovirus infeksiyalarının, dizenteriyanın, salmonellyozun, poliomielitin, virus hepatitinin A tipinin və xüsusilə uşaqlarda ağır keçən digər xəstəliklərin törədiciləri var. Heyvanlarla birlikdə çimərkən də ehtiyatlı olmaq lazımdır. Çünki hətta peyvənd olunmamış ev heyvanları belə infeksiya mənbəyinə çevrilə bilər”, deyə Gildenskiold bildirib.
Onun sözlərinə görə, xüsusilə ördəklərin yuva saldığı və çoxlu su molyusklarının yaşadığı axarsız su hövzələri təhlükəlidir. Belə yerlərdə su quşlarının helmint sürfələrinin törətdiyi parazitar xəstəlik olan serkarioza yoluxma riski yüksəkdir.
Yoluxmanın ilk əlamətləri parazitlərin dəriyə daxil olduğu nahiyələrdə güclü qaşınma, qızartı və şişkinlikdir. Daha sonra qabarcıqlar yarana bilər. Dəri əlamətlərinə tez-tez ümumi simptomlar – temperaturun 38 dərəcəyədək yüksəlməsi, başgicəllənmə və yuxu pozuntuları da əlavə olunur. Qaşınan nahiyələri qaşımaq olmaz, çünki bu, əlavə infeksiyanın yaranmasına səbəb ola bilər.
“Serkari hücumları riskini azaltmaq üçün şübhəli su hövzələrində çimməzdən əvvəl dərinin açıq hissələrini ağcaqanad və digər həşəratlara qarşı repelentlərlə işləmək məsləhətdir. Vasitə seçərkən tərkibinə diqqət yetirmək lazımdır. Tərkibində dibutilftalat və ya dimetilftalat olan, aktiv maddənin konsentrasiyası 40 faizə qədər olan preparatlar effektiv hesab edilir. Serkarilərin aktivliyi günorta saatlarında, açıq və isti havada xüsusilə yüksək olur, lakin onlar axşam və gecə də hücum edə bilərlər. Ən yüksək təhlükə mövsümü iyundan sentyabr ayınadək davam edir, isti su hövzələrində isə təhlükə daha uzun müddət qala bilər”, ekspert xəbərdarlıq edib.
Təbii su hövzəsində çimərkən suyun gözlərə və qulaqlara düşməsinə yol verməmək tövsiyə olunur. Sudan çıxdıqdan sonra mütləq duş və ya vanna qəbul etmək lazımdır. Bu, dəridən duzu, yosunları, qumu və potensial təhlükəli mikroorqanizmləri yumağa kömək edir.
“Gigiyenik prosedurlar üçün dezinfeksiyaedici sabun və ya geldən istifadə etmək daha yaxşıdır. Bu tədbir iltihab və infeksiya riskini əhəmiyyətli dərəcədə azaldır və xüsusilə immun sistemi zəif olan insanlar üçün aktualdır”, deyə Gildenskiold fikrini yekunlaşdırıb.
Samir


