ABŞ-ın Viskonsin ştatında yaşayan Meri Ellen Lukezic keçmiş sonsuzluq müalicəsi həkimi Frederik Dettmanna qarşı məhkəməyə müraciət edib.
HİT.a xəbər verir ki, qadının iddiasına görə, həkim 40 ildən çox əvvəl onun xəbəri olmadan öz spermasından istifadə edərək süni mayalanma həyata keçirib. Bu barədə “Daily Mail” məlumat yayıb.
Lukezic 1982-ci ildə Dettmannın müalicəsi altında olub. Hamilə qalmaq üçün edilən cəhdlər uğursuz olduqdan sonra həkim ona süni mayalanma təklif edib. İddiaya görə, Dettmann pasiyentə bioloji materialın anonim “sağlam gənc tibb tələbəsindən” alınacağını bildirib.
Prosedur uğurlu olub və 1983-cü ildə qadının Cozef Ledtke Hayder adlı oğlu dünyaya gəlib. Ailə dörd onillikdən çox müddət ərzində uşağın mənşəyinə dair heç bir şübhə etməyib.
Həqiqət 2024-cü ilin dekabrında Hayder maraq üçün DNT testi etdirdikdən sonra üzə çıxmağa başlayıb. O, bir neçə ehtimal olunan ögey bacı və qardaşının olduğunu müəyyən edib. Genetik uyğunluqların daha ətraflı araşdırılması isə onu anasının keçmiş həkiminin ailəsinə aparıb.
Test nəticələrinə əsasən, Hayderin bioloji atasının məhz Dettmann olduğu bildirilir. Bundan əlavə, Hayder atasının eyni həkim ola biləcəyi ehtimal edilən daha doqquz ögey bacı və qardaşını müəyyən etdiyini deyib.
Meri Lukezic bu xəbərin onun üçün ağır sarsıntı olduğunu bildirib. Qadın aldadıldığını və cinsi zorakılığa məruz qaldığını hiss etdiyini deyib. Onun oğlu isə baş verənləri pasiyentin həkimə olan etimadına xəyanət adlandırıb.
Hazırda 91 yaşı olan Frederik Dettmann çoxdan təqaüdə çıxıb və Arizonada yaşayır. Keçmiş həkim ittihamları rədd edir. Onun nümayəndələri bildiriblər ki, iddia edilən hadisələr bir neçə onillik əvvəl baş verib, Dettmann iddiaçıları xatırlamır və ittihamları təsdiqləyən sübutlardan xəbərsizdir.
Samir


