Avropada həm Ukraynaya təhvil vermək, həm də öz ehtiyacları üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinin raket-interseptorlarının çatışmazlığı yaranıb.
HİT.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, xüsusilə Ukraynaya hərbi yardımın əsas təchizatçılarından biri olan Almaniyada problemlər yaranıb. Ekspertlərin fikrincə, Berlin hazırda Ukraynanın tələbləri ilə Almaniyanın özünü və NATO üzvü kimi öhdəliklərini yerinə yetirmək üçün zəruri olan minimum raket ehtiyatını qorumaq arasında seçim etməli vəziyyətdədir.
“Biz limitə çatmışıq. Biz həm də öz təhlükəsizliyimizi təmin etməliyik”, – “Politico” yüksək rütbəli alman hərbçisi, briqada generalı Yürgen Şrödelin sözlərini sitat gətirib.
Nəşr bildirir ki, digər Avropa ölkələri də oxşar vəziyyətlə üzləşib.
“Uzunmüddətli perspektivdə Avropa üçün vəziyyətin rasional olduğunu düşünmürəm”, – Norveçin müdafiə naziri Turе Sandvik bildirib.
“Politico”nun məlumatına görə, ehtiyatların azalması ilk növbədə “Patriot PAC-3” və “PAC-2” raketlərinə aiddir. Ekspertlər hesab edirlər ki, İranla müharibə ABŞ-dan Avropaya raket tədarükünün əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Nəşr qeyd edir ki, raket istehsalının genişləndirilməsi yaxın vaxtlarda baş verməyəcək və yeni istehsal gücləri mövcud çatışmazlığı qısa müddətdə aradan qaldıra bilməyəcək.
Samir


