Elektrik avtomobilini evdə doldurarkən enerjinin 25 faizə qədəri itə bilər

AVTO
21:16 / 11.08.2026
47

Elektrik avtomobillərinin yüksək səmərəliliyi ilə bağlı fikirlər geniş yayılsa da, onların doldurulması zamanı müəyyən enerji itkiləri yaranır. Aparılan araşdırma bəzi modellərdə avtomobilin evdə adi rozetkadan doldurulması zamanı elektrik enerjisinin dörddə birinə qədərinin itə biləcəyini ortaya qoyub.

HİT.az xəbər verir ki, məlumata görə, elektrik mühərrikləri qəbul etdikləri enerjinin təxminən 97-98 faizini mexaniki enerjiyə çevirə bilir. Lakin avtomobilin akkumulyatorunun doldurulması zamanı əlavə itkilər meydana çıxır.

Mütəxəssislər müxtəlif elektrik avtomobillərini həm ev şəraitində, həm də ictimai sürətli enerji doldurma məntəqələrində sınaqdan keçiriblər. Təcrübədə Volkswagen ID.7, Tesla Model Y, Mercedes CLA 350, Renault RS E-Tech və Volvo EX30 kimi modellər iştirak edib.

Üçfazalı rozetkadan enerji alan elektrik avtomobili dəyişən cərəyanı akkumulyator üçün lazım olan sabit cərəyana çevirməlidir. Bu proses avtomobilin daxilində yerləşən OBC (on-board charger) modulu vasitəsilə həyata keçirilir.

Məhz bu çevrilmə zamanı müəyyən enerji itkisi yaranır. Bundan başqa, elektron komponentlərin soyudulması, avtomobilin digər sistemlərinin fəaliyyəti, kabellər və akkumulyator da əlavə enerji sərf edir.

Sınaqlar göstərib ki, doldurma gücü azaldıqca və proses uzandıqca itkilər arta bilər. Məsələn, 22 kVt gücündə doldurma zamanı Volvo EX30-da itki 6,7 faiz, 11 kVt-da 7 faiz, 4,1 kVt-da 9,1 faiz, 2,3 kVt-da isə 14,2 faiz olub.

11 kVt gücündə doldurma zamanı ən yaxşı nəticə Renault modelində qeydə alınıb – itki 5,1 faiz təşkil edib. Digər modellərdə göstərici 6 faizdən yüksək olub.

Ən böyük fərq isə adi ev rozetkasından 2,3 kVt gücündə yavaş doldurma zamanı ortaya çıxıb. Bu halda Renault-da enerji itkisi 13,7 faiz, Volkswagen ID.7-də 15,3 faiz, Tesla Model Y-də 12,7 faiz olub.

Mercedes CLA 350 isə ən zəif nəticəni göstərib. Bu avtomobildə itki 24,2 faizə çatıb. Mütəxəssislər bunu avtomobildə daha sadələşdirilmiş OBC arxitekturasından istifadə olunması ilə əlaqələndirirlər.

Mercedes CLA nümunəsində fərq xüsusilə nəzərə çarpır. Avtomobil hər gün akkumulyatora xalis 25 kVt/saat enerji qəbul edərsə, adi rozetkadan doldurma zamanı şəbəkədən təxminən 32,98 kVt/saat enerji götürülür. Beləliklə, gündə 7,98 kVt/saat, ay ərzində isə təxminən 239,4 kVt/saat enerji itirilir.

Eyni avtomobil üçfazalı rozetkadan doldurulduqda itki 6,9 faizə enir. Bu halda 25 kVt/saat xalis enerji üçün şəbəkədən 26,85 kVt/saat tələb olunur. Aylıq itki isə təxminən 55,5 kVt/saat təşkil edir.

Beləliklə, iki üsul arasındakı aylıq enerji itkisi fərqi 183,9 kVt/saata çatır.

İctimai sürətli enerji doldurma stansiyalarında avtomobilə artıq sabit cərəyan verildiyi üçün OBC modulundan qaynaqlanan itkilər aradan qalxır. Lakin burada da müəyyən enerji itkisi mövcuddur.

Sürətli doldurma zamanı əsas problemlərdən biri akkumulyatorun temperaturunun yüksəlməsidir. Müasir avtomobillərdə temperaturu tənzimləmək üçün xüsusi soyutma sistemlərindən istifadə olunur. Bu sistemlər bəzən 2-3 kVt-a qədər əlavə enerji sərf edə bilir.

Temperaturun təxminən 23 dərəcə olduğu şəraitdə avtomobildəki enerji itkisi 1-4 faiz arasında dəyişib. Temperatur 0 dərəcəyə düşdükdə və akkumulyator əvvəlcədən qızdırıldıqda itki 1-6 faiz, əvvəlcədən qızdırılmadıqda isə 7-10 faiz təşkil edib.

Bundan əlavə, enerji doldurma stansiyasının özündə də təxminən 5 faiz itki yarana bilər. Nəticədə elektrik şəbəkəsindən avtomobilin akkumulyatoruna qədər ümumi itkilər şəraitdən asılı olaraq 5-6 faizdən 15 faizə qədər dəyişə bilər.

Araşdırmanın nəticələri göstərir ki, ictimai sürətli doldurma stansiyaları yalnız əlverişli hava şəraitində və akkumulyatorun intensiv qızdırılmasına və ya soyudulmasına ehtiyac olmadıqda daha səmərəli olur. Evdə isə xüsusilə adi zəif güclü rozetkadan istifadə zamanı enerji itkiləri əhəmiyyətli dərəcədə arta bilər.

Samir

0