Dovşanlar üçün yaradılan "cənnət" ekosistemi dəyişdi: Adaya qabanlar gəldi

DÜNYA
21:55 / 11.08.2026
42

Yaponiyanın “Dovşanlar adası” kimi tanınan Okunoşima adasında turistlərin heyvanları həddindən artıq yemləməsi gözlənilməz ekoloji nəticələrə səbəb olub. Dovşanların sayının kəskin artması adanın bitki örtüyünü dəyişib, turistlərin gətirdiyi qida isə qabanlar da daxil olmaqla başqa heyvanları əraziyə cəlb edib.

HİT.az xəbər verur ki, məlumata görə, dovşanlar Okunoşimanın yerli heyvanları deyil. Onlar ev dovşanlarından törəyən vəhşiləşmiş Avropa dovşanlarıdır. 1972-ci ildə adaya cəmi 8 cüt dovşan buraxılıb. Sonrakı illərdə onların sayı yüzlərlə fərdədək artıb.

Dovşanlar zamanla adanın əsas turizm simvoluna çevrilib. İnsanlar onları yemləmək üçün Okunoşimaya axışmağa başlayıblar. 2008-2015-ci illər arasında turistlərin sayı iki dəfə artıb və bununla paralel olaraq dovşanlara verilən qidanın miqdarı da çoxalıb. Nəticədə adadakı dovşanların sayı 1000-i keçib.

Tədqiqatçılar hesab edirlər ki, adanın təbii bitki örtüyü maksimum 175-287 dovşanı təmin edə bilər. Halbuki yalnız 2017-ci ildə turistlər adaya təxminən 27 ton qida gətiriblər.

Dovşanların həddindən artıq çoxalması adanın təbiətinə ciddi təsir göstərib. Heyvanlar ağacların aşağı budaqlarını və torpaq səviyyəsindəki bitkilərin böyük hissəsini yeyirlər. Nəticədə adada “dovşan xətti” adlandırılan xarakterik bitki örtüyü sərhədi yaranıb.

Alimlər müqayisə üçün dovşanların yaşamadığı yaxınlıqdakı Kokuşima adasını da araşdırıblar. Orada sıx kolluq və yeraltı bitki örtüyü qorunub, Okunoşimada isə bu təbəqənin böyük hissəsi yox olub.

Qida çatışmazlığı o həddə çatıb ki, dovşanlar hətta zəhərli bitkilərlə də qidalanmağa başlayıblar. Onların hidrangea və oleandr kimi bitkiləri yeməsi qeydə alınıb.

Problemin təsiri yalnız bitki örtüyü ilə məhdudlaşmayıb. Turistlərin adada qoyduğu qida qalıqları qarğaları, çalağanları və vəhşi qabanları cəlb etməyə başlayıb.

Vəhşi qabanlar xüsusilə insanların qida tullantıları qoyduğu ərazilərdə, hətta bərə dayanacaqlarının yaxınlığında görünməyə başlayıblar. Bəzi hallarda onlar dovşanları qovaraq turistlərin gətirdiyi qidanı özləri yeyirlər.

Alimlər çoxsaylı ölü dovşanların qabanlar üçün əlavə qida mənbəyinə çevrilə biləcəyini düşünürlər. Lakin sonradan qabanların canlı dovşanlara da hücum etdiyi hallar qeydə alınıb.

Tədqiqatçıların fikrincə, turistlərin qoyduğu qida qabanları dovşanların yaşadığı ərazilərə cəlb edir. Dovşanların yüksək sıxlığı isə iki növ arasında təmasların artmasına şərait yaradır.

Mütəxəssislər vurğulayırlar ki, problemi yalnız qabanların adadan çıxarılması ilə həll etmək mümkün deyil. Əsas məsələ insan tərəfindən dəstəklənən həddindən artıq dovşan populyasiyası və turistlərin heyvanları nəzarətsiz şəkildə yemləməsidir.

Okunoşimanın təcrübəsi göstərir ki, turistlərin heyvanlara yardım etmək məqsədilə gətirdiyi qida bütöv bir ekosistemin tarazlığını poza və gözlənilməz nəticələrə səbəb ola bilər.

Samir
 

0