21 ildir tək səyahətlərə çıxan Lidiya Svinsko bildirib ki, yaş artdıqca onun səyahət seçimləri də dəyişib. Əvvəllər daha çox macəra və gözlənilməzlik axtaran turist indi sakitlik, rahatlıq, mədəniyyət və keyfiyyətli xidmətə üstünlük verir.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, 40 yaşdan sonra izdihamlı barlar, böyük backpacker qruplarının toplandığı məkanlar və gecə əyləncələri əvvəlki qədər cəlbedici deyil. Bunun əvəzinə muzeylərə, incəsənət qalereyalarına, məbədlərə baş çəkmək və yerli insanların gündəlik həyatını müşahidə etmək daha maraqlı gəlir.
Təcrübəli səyahətçi gecə saatlarında uzun məsafələr qət etməkdən də imtina edib. O, istirahət etdiyi yerə yorğun çatmamaq üçün gündüz səfərlərinə üstünlük verir. Yaşayış seçimlərində də dəyişiklik edən Lidiya hostellər əvəzinə mənzilləri və butik otelləri seçir.
Onun fikrincə, 40 yaşdan sonra solo səyahətlər üçün ideal məkanlar zəngin tarix, özünəməxsus atmosfer, rahat yaşayış şəraiti və yaxşı mətbəxi bir araya gətirməlidir.
40+ yaş üçün tövsiyə edilən 5 istiqamət
Antiqua, Qvatemala – sənətkarlıqla məşğul olmaq, piyada gəzintilər etmək və şəhərin tarixini öyrənmək istəyənlər üçün.
Florensiya, İtaliya – tarixi küçələri gəzmək və restoranlarda rahat şam yeməyi üçün ideal seçimdir.
Banqkok, Tailand – məbədləri, gecə bazarlarını və butik otelləri ilə solo turistlər üçün maraqlı istiqamət sayılır.
Pamplona, İspaniya – Ernest Heminqueyin yaradıcılığı ilə maraqlananlar və şəhəri piyada kəşf etməyi sevənlər üçün uyğundur.
Kito, Ekvador – muzeylər, incəsənət qalereyaları və özünəməxsus otelləri ilə seçilir.
Təcrübəli turistin fikrincə, yaş artdıqca solo səyahətdə əsas məqsəd yalnız yeni yerlər görmək deyil, həm də daha rahat şəraitdə həmin məkanların mədəniyyətini və gündəlik həyatını kəşf etməkdir.
Samir


