Toxumçuluqda yeni rüsumlar nəyi dəyişəcək?

ÖLKƏ
11:24 / 19.08.2026
169

Azərbaycanda toxumçuluq sahəsində fəaliyyət göstərən sahibkarlar üçün yeni maliyyə öhdəlikləri müəyyənləşdirilib. 

Toxum əməliyyatçılarının qeydiyyatı ilə bağlı informasiya sistemindən çıxarışın alınması 50 manat, toxumun sortluq və səpin keyfiyyətini təsdiqləyən sertifikatın verilməsi isə 25 manat olacaq. Yeni qaydaların əsas məqsədi toxum dövriyyəsinə nəzarəti gücləndirmək, bazara keyfiyyətsiz toxumların çıxarılmasının qarşısını almaq və sahədə vahid elektron reyestr formalaşdırmaqdır.

Lakin burada başqa bir sual meydana çıxır: nəzarətin gücləndirilməsi üçün müəyyən edilən bu ödənişlər kiçik fermer və toxum satıcılarının üzərinə nə qədər əlavə yük olacaq? Toxumçuluğun inkişaf etdirilməsi və keyfiyyətli toxum istehsalının artırılması hədəflənirsə, yeni rüsumların kiçik təsərrüfatlara təsirinin ayrıca qiymətləndirilməsinə ehtiyac varmı?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, toxumçuluq sahəsini inkişaf etdirmək istəyiriksə, yanaşmada müəyyən ziddiyyət yaranır:

407529

“Bir tərəfdən yerli toxumçuluğun zəif vəziyyətdə olduğunu, keyfiyyətli toxum istehsalının artırılmasının vacibliyini deyirik, digər tərəfdən isə sahəyə yeni daxil olan və ya kiçik həcmdə fəaliyyət göstərən toxumçunun qarşısına elə ilk mərhələdə 75 manatlıq maliyyə öhdəliyi qoyuruq. Məbləğ böyük görünməyə bilər, amma fəaliyyət həcmi az olan sahibkar üçün bu, əlavə xərcdir.

Burada əsas məsələ təkcə 75 manatın özü deyil. Toxumçu onsuz da istehsal, laboratoriya, sertifikatlaşdırma, qablaşdırma, logistika və digər xərclərlə üzləşir. Bu xərclərin üzərinə yeni ödənişlərin əlavə edilməsi kiçik sahibkarın fəaliyyətini daha da çətinləşdirə bilər”.

Ekspert qeyd edib ki, xüsusilə toxumçuluğun inkişafına ehtiyac olan bir mərhələdə dövlətin əsas məqsədi sahəyə yeni iştirakçıların gəlməsini stimullaşdırmaq olmalıdır:

“Nəzarətin gücləndirilməsi və keyfiyyətsiz toxumun bazardan çıxarılması, əlbəttə, vacibdir. Amma nəzarətin maliyyə yükü birbaşa toxumçunun üzərinə qoyulursa, bunun kiçik təsərrüfatlara təsiri əvvəlcədən hesablanmalıdır. Əks halda toxumçuluğu inkişaf etdirmək əvəzinə, sahədə fəaliyyət göstərənlərin sayını azaltmaq və bazarı iri oyunçuların əlində cəmləşdirmək riski yarana bilər”.

Akif Nəsirli hesab edir ki, məqsəd həqiqətən yerli toxumçuluğu dirçəltməkdirsə, ilk mərhələdə kiçik və yeni fəaliyyətə başlayan toxumçular üçün güzəştlər, aşağı rüsumlar və ya müəyyən hallarda ödənişdən azadolmalar tətbiq etmək daha məntiqli olardı:

“Çünki bərbad vəziyyətdə olan bir sahəni əvvəlcə böyütmək, sonra isə onun üzərində nəzarət mexanizmlərini daha geniş tətbiq etmək daha düzgün yanaşmadır. Toxumçuluğu inkişaf etdirmək istəyərkən toxumçunun belinə elə başlanğıcdan əlavə yük qoymaq isə məqsədlə vasitənin bir-birinə zidd görünməsinə səbəb olur”.

Günel Cəlilova

0