Rusiya-Ukrayna müharibəsində kənd təsərrüfatı məhsullarının ixracına yönələn hücumların artması qlobal ərzaq təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
HİT.az xəbər verir ki, “Financial Times” üçün yazan Karnegi Mərkəzinin Rusiya və Avrasiya üzrə direktoru Aleksandr Qabuev hesab edir ki, Rusiya və Ukraynanın taxıl ixracı infrastrukturuna qarşı qarşılıqlı hücumları dünya bazarında ciddi təchizat böhranına səbəb ola bilər.
Məlumata görə, Ukrayna son dövrlərdə Rusiyanın kənd təsərrüfatı məhsullarını Qara dəniz vasitəsilə ixrac edən gəmilərinə, eləcə də Azov dənizindəki liman və dəmir yolu infrastrukturuna zərbələri artırıb.
Ötən həftə Ukraynanın Novorossiysk limanındakı üç taxıl terminalının hamısını vurduğu bildirilir. Bu terminallar Rusiyanın taxıl ixracının 40 faizindən çoxunun həyata keçirildiyi əsas məntəqələrdir. Hücumdan sonra təmir işləri başa çatana qədər ixracın dayandırıldığı qeyd olunur.
Rusiya isə öz növbəsində Ukraynanın Qara dənizdəki limanlarına raket hücumlarını gücləndirib. Nəticədə Odessa istiqamətində hərəkət edən bir neçə gəminin də zərər gördüyü və ya batırıldığı bildirilir.
İki ölkənin dünya ərzaq bazarındakı rolu problemin miqyasını daha da artırır. Rusiya və Ukrayna birlikdə qlobal buğda ixracının təxminən 27 faizini təmin edir. Bu məhsulların böyük hissəsi Qara dəniz vasitəsilə daşınır.
Hər iki ölkə xüsusilə Yaxın Şərq və Şimali Afrika dövlətlərinin əsas taxıl tədarükçülərindəndir. Buna görə də ixracın uzun müddət dayanması həmin regionlarda ərzaq qiymətlərinin kəskin artmasına və təchizat problemlərinə səbəb ola bilər.
Hazırkı vəziyyət isə onsuz da mürəkkəbdir. Yanacaq və gübrə qiymətlərinin yüksəlməsi, eləcə də təkrarlanan isti hava dalğaları Avropa və ABŞ-da buğda istehsalına mənfi təsir göstərib. Buğdanın qiymətinin ötən illə müqayisədə 25 faizdən çox bahalaşdığı bildirilir.
BMT-nin proqnozuna əsasən, yalnız iqlim amilləri səbəbindən bu ilin sonlarında təxminən 50 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər. Rusiya və Ukrayna taxılının dünya bazarına çıxışının məhdudlaşması vəziyyəti daha da ağırlaşdıra bilər.
Ekspertlər hesab edirlər ki, iqlim dəyişikliklərinin yaratdığı problemləri qısa müddətdə aradan qaldırmaq mümkün olmasa da, Qara dənizdə ərzaq logistikasının pozulmasının qarşısını almaq olar.
Müharibənin ilk dövründə beynəlxalq vasitəçilərin səyləri nəticəsində Rusiya və Ukrayna arasında taxıl sazişi əldə edilmiş və Ukrayna taxılının Qara dənizdən təhlükəsiz daşınmasına şərait yaradılmışdı. Razılaşma sonradan qüvvədən düşsə də, hər iki tərəf bu ilin yayına qədər kənd təsərrüfatı ixracına qarşı sistemli hücumlardan böyük ölçüdə çəkinirdi.
Qabuev hesab edir ki, beynəlxalq ictimaiyyət həm Moskva, həm də Kiyev üzərində təzyiq göstərərək kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması ilə bağlı əvvəlki mexanizmin bərpasına çalışmalıdır.
Onun fikrincə, taxıl ixracına zərbələrin hərbi baxımdan gətirdiyi üstünlüklər məhdud, dünya üçün mümkün iqtisadi və humanitar zərəri isə olduqca böyükdür.
Yaxın Şərq və Afrikanın bir sıra ölkələri belə böhranın qarşısını almaqda birbaşa maraqlıdır. Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Rusiya və Ukrayna taxılından ciddi şəkildə asılı olan dövlətlər sırasında göstərilir.
Çin və Hindistan kimi Asiya ölkələri də Rusiyanın əsas neft alıcıları olmaqla yanaşı, Rusiya və Ukraynadan ərzaq məhsullarının idxalında maraqlıdırlar.
Avropa üçün isə mümkün ərzaq böhranı əlavə miqrasiya dalğası riski yarada bilər. ABŞ da 2022-ci ildə Qara dəniz taxıl sazişinin əldə olunmasında mühüm rol oynamışdı.
Mütəxəssis hesab edir ki, müharibənin yaxın zamanda başa çatması real görünməsə də, kənd təsərrüfatı ixracının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əlaqələndirmə qrupu yaradılması mümkündür. Belə bir mexanizm ən azı müharibənin qlobal ərzaq bazarına təsirini azaltmağa və gələcəkdə daha geniş deeskalasiyaya zəmin yaratmağa kömək edə bilər.
Samir


