Bakıda bundan sonra bina tikməyə icazə vermək lazım deyil - Açıqlama

ÖLKƏ
20:17 / 13.07.2020
1340

“Paytaxtda fəaliyyət göstərən universitetlər, strateji obyektlər şəhərin kənarına, yaxud bölgələrə köçürülməlidir”.

Bu barədə Cebhe.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin üzvü, ekoloq İslam Mustafayev paytaxtın yükünün azaldılması məsələsindən danışarkən bildirib.

Onun sözlərinə görə Türkiyədə böyük universitetlər ətraf ərazilərdə fəaliyyət göstərir və bunun üçün münbit şərait yaradılır:

“Türkiyədə şəhərin kənarında kampus yaradırlar. Universitet, onun yataqxanası, kitabxanası və yeməkxanası fəaliyyət göstərir. Əgər belə bir şərait Bakıdan kənarda, yaxud bölgələrdə yaradılacaqsa, təqdirəlayiq addım olar. Bakıdan hansısa universitetin köçürülməsi o demək deyil ki, yerində ən azı 10 hündürmərtəbəli bina tikilsin. Əvvəlcədən strateji planlaşdırılma olmalıdır ki, köçürülən univertsitetin yerində nə olacaq. Yoxsa yerində tez bir zamanda hündürmərtəbəli bina tikilsin və kvadratmetri 3000 min manatdan satılsın, buna yol vermək olmaz. Bakı şəhərində bundan sonra bina tikməyə icazə vermək lazım deyil. Bakının yükünü azaltmaq üçün hər hansı bir nöqtədə nəhayət ki, “bəsdir bitdi” demək lazımdır. Bu gün Bakıda kifayət qədər yeni tikililər, hündürmərtəbəli binalar, restoranlar, bir sözlə zəruri olmayan proyektlər var. Əlbəttə ki, ev tikmək lazımdır. Vətəndaşlarımız gözəl və müasir şəraitli evlərdə yaşamalıdırlar və buna layiqdirlər. Amma o sahibkara şəhərin kənarında, ətraf ərazilərdə torpaq sahələri ayrılmalı, sahibkar isə zəhmət çəkib ora kommunal xətlər və yol çəkməli, qəsəbəyə də öz adını verməlidir. Necə ki, bu tərcübədən dünyada, xüsusilə Türkiyədə istifadə olunur”.

Ekoloq əlavə edib ki, Azərbaycanın 100 il sərhədləri necə idisə, indi də eyni sərhədin içində yeni tikililərlə doldurulur:

“Həyətlərin içində boş ərazidə göydələnlər tikirlər. Əhali üçün bu vəziyyət kəskinləşib və davam edir. Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin üzvüyəm. Ətraf Mühitə təsirin qiymətləndirilməsi layihələrinə icazə verilməsi məsələləri ilə məşğulam. Hansısa tikili ilə bağlı icazənin verilməsi üçün elə vaxtda müraciət olunur ki, artıq binanın fundamenti tökülüb, orada yaşayan insanların evləri sökülüb və kirayəyə göndərilib. Belə hallarda bir neçə dəfə kəskin çıxışlar etmişəm. Bu mərhələdə gəlmək lazım deyil. Layihənin lap başlanğıcında, torpaq sahəsi ayrılan zaman icazə üçün müraciət etmək lazımdır. Bakı belə sıxlaşmamalıdır, həyətlərdə bina tikmək olmaz. Köhnə binaları söküb yerində park və yol salmaq lazımdır. Yaşayış binaları isə kənarda tikilməlidir. Belə olarsa, şəhərin ekoloji durumu da normala dönər”.

 

0