Starmer niyə istefa verdi?

DÜNYA
15:13 / 22.06.2026
307

“Son 10 ildə Böyük Britaniyada ardıcıl olaraq böhranların yaşanması Birləşmiş Krallıqda siyasi qütbləşməni artırdı və hökümətlər uzunmüddətli sabit gündəm formalaşdırmaqda ciddi çətinliklə üz-üzə qaldılar”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında Böyük Britaniyanın baş naziri Kir Starmerin istefasından danışarkən deyib.

O bildirib ki, Böyük Britaniyada problem təkcə şəxslərdə deyil:


“Son on ildə Devid Kamerondan (2010-2016) Kir Starmerədək (2024-2026) baş nazirlərin ömrü əvvəlki dövrlərlə müqayisədə xeyli qısalıb. Belə ki, “Brexit” referendumunun yaratdığı gərginliklər və iqtisadi təsirlər Birləşmiş Krallıqda mühafizəkarların nüfuzuna ciddi ziyan vurdu.

Həmçinin, ölkənin xarici əlaqələrini, müdafiə və iqtisadi siyasətini yenidən Avropa ilə sıx əməkdaşlığa inteqrasiya edən leyboristlərin iqtidara gəlməsinə əsaslar yaratdı, hətta hakim partiyaların daxilində belə fikir ayrılıqları dərinləşdi”.

Ekspert qeyd edib ki, 2024-cü ildə Kir Starmer hakimiyyətə gəldikdən sonra iqtisadi artımı sürətləndirmək, sosial problemləri həll etmək və dövlət idarəçiliyinə inamı bərpa etmək vədləri vermişdi:
“Lakin yüksək inflyasiya, yaşayış xərclərinin artması, səhiyyə və sosial xidmətlərdəki problemlər, eləcə də miqrasiya məsələləri hökumətin reytinqinə mənfi təsir göstərdi. Partiya daxilində də narazılıqların artması onun mövqeyini zəiflətdi və nəticədə istefa qərarını qaçılmaz etdi”.

T. Qulami Böyük Britaniyanı 10 ildə 7-ci fərqli baş nazirin idarə edəcəyi statistikası ilə bağlı isə bunları söyləyib:
“Böyük Britaniyada baş nazirlərin tez-tez dəyişməsinin əsas səbəblərindən biri də ölkənin parlament idarəetmə sistemidir. Bu sistemdə baş nazir birbaşa xalq tərəfindən seçilmir, parlamentdə çoxluğa malik partiyanın lideri kimi fəaliyyət göstərir.

Hakim partiya liderə etimadını itirdiyi anda onu dəyişdirə bilir. Bu isə baş nazirlərin siyasi taleyini seçicilərdən daha çox öz partiyalarının mövqeyindən asılı vəziyyətə salır. Mövcud vəziyyət də onu göstərir ki, Britaniya siyasətində əsas problem ayrı-ayrı liderlərdən daha çox sistem qarşısında dayanan çağırışlardır”.

Həmsöhbətimiz hesab edir ki, “Brexit”dən sonrakı iqtisadi uyğunlaşma prosesi, qlobal qeyri-müəyyənliklər, sosial narazılıqlar və partiyadaxili rəqabət gələcəkdə də hökumətlərin sabit fəaliyyətini çətinləşdirə bilər: 
“Buna görə də yaxın illərdə Böyük Britaniyada siyasi dəyişikliklərin və lider mübarizəsinin davam etməsi yüksək ehtimallardan biridir. Baxmayaraq ki, Starmer əlini masaya vuran liderlərdən deyildi, yenə də Baş nazirin vəzifədən getməsi təkcə onun şəxsi siyasi uğursuzluğu demək deyil. Bu hadisə yuxarıda da qeyd etdiyim kimi Böyük Britaniyada son onillikdə formalaşan mürəkkəb siyasi, iqtisadi və ictimai proseslərin nəticəsidir”.

Elmir Mustafa

0