Tu-22M3-lər düşməyə davam edə bilər - Kritik problem

DÜNYA
15:00 / 22.06.2026
44

Rusiyanın uzaqmənzilli Tu-22M3 bombardmançıları (Aəsdən sürətli X-22 qanadlı raketlərinin daşıyıcı) texniki nasazlıqlar səbəbindən itkilərə davam edə bilər. Əsas problem kimi istehsalı 1996-cı ildə dayandırılmış NK-25 mühərriklərinin köhnəlməsi göstərilir.

Hit.az xəbər verir ki, bunu “Defence Express” yazır.

Rusiya mənbələrinin məlumatına görə, İrkutsk vilayətində baş verən son qəza təlim uçuşu zamanı qeydə alınıb. Əvvəlcə təyyarənin bir mühərriki sıradan çıxıb, aerodroma qayıdış zamanı isə ikinci mühərrik də dayanıb. Sürət itkisi nəticəsində bombardmançı yerə düşüb.

Hazırda xidmət göstərən bütün Tu-22M3-lər NK-25 tipli turborеaktiv mühərriklərlə təchiz olunub və bu mühərriklərin istehsalı təxminən 30 il əvvəl dayandırılıb.

Buna görə Rusiya aviasiyası uzun müddət istifadə olunmuş, resursu tükənmiş mühərriklərdən və məhdud ehtiyat hissələrindən istifadə etməyə məcbur qalır. Hazırda uçuş edən bütün Tu-22M3-lərin mühərrikləri 30 ildən artıqdır ki, istehsal olunub.

Son qəza İrkutsk vilayətində son iki ildə qeydə alınan üçüncü oxşar hadisədir.

Belə ki, Tu-22M3-lər 2024-cü ilin avqustunda və 2025-ci ilin aprelində də itirilib. Həmin hallarda rəsmi səbəb kimi “texniki nasazlıq” göstərilib. Bundan əlavə, 2019-cu ildə də NK-25 mühərrikinin sıradan çıxması səbəbindən bir bombardmançı sərt eniş etmişdi.

Rusiya üçün mümkün çıxış yollarından biri NK-25 mühərriklərinin istehsalının bərpası hesab olunurdu. Lakin bu, böyük maliyyə xərcləri və uzun illər tələb edir.

Nümunə kimi Tu-160 strateji bombardmançıları üçün NK-32-2 mühərriklərinin istehsalının bərpası göstərilir. Rusiya bu prosesi təxminən 10 ilə başa çatdıra bilib və seriyalı istehsal hələ də məhduddur.

Digər variant isə Tu-22M3M modernizasiya proqramı idi. Bu versiyada NK-32-2 mühərriklərinin quraşdırılması, elektronikanın yenilənməsi və döyüş imkanlarının artırılması nəzərdə tutulurdu. Lakin proqram faktiki olaraq uğursuz olub.

İlkin plana görə, 2021–2022-ci illərə qədər 30 təyyarənin modernizasiya olunması planlaşdırılırdı. Lakin 2026-cı ilin ortasına olan məlumata görə, yalnız iki eksperimental Tu-22M3M mövcuddur və onlardan heç birinin yeni mühərriklə təchiz edildiyi təsdiqlənməyib.

Analitiklər bildirirlər ki, hətta NK-32-2 mühərrikləri inteqrasiya olunsa belə, məhdud istehsal səbəbindən bütün Tu-22M3 parkının yenilənməsi uzun illər çəkəcək.

15 iyunda Rusiyanın İrkutsk vilayətində bir Tu-22M3 bombardmançısı qəzaya uğramışdı. Hadisə zamanı ekipaj katapult etməyə nail olub, təyyarə isə təlim uçuşu zamanı yerə düşüb.

Qeyd olunur ki, təyyarə planlı təlim uçuşu zamanı silahsız vəziyyətdə olub.

Samir
 

0