Krım təcrid olunur: PUA zərbələri yarımadanın logistikasını pozur

DÜNYA
15:55 / 22.06.2026
46

Ukrayna 110 kilometrdən artıq məsafəyə zərbə endirə bilən yeni pilotsuz uçuş aparatları vasitəsilə müvəqqəti işğal olunmuş Krımı təcrid etməyə çalışır. 

HİT.az xəbər verir ki, “Business Insider” analitiklərinin yazdığına görə, işğalçı hakimiyyətin yanacaq satışına tətbiq etdiyi son məhdudiyyətlər bu strategiyanın nəticə verməyə başladığını göstərə bilər.

Rusiya tərəfindən təyin olunmuş Krım rəhbəri Sergey Aksyonov bazar günü yarımadada əhaliyə yanacaq satışının tam dayandırıldığını elan edib.

“Yanacaq yalnız Krım Respublikasının fəaliyyətini və təhlükəsizliyini təmin edən dövlət qurumlarına satılacaq”, – deyə onun açıqlamasında bildirilir.

Məqalədə qeyd olunur ki, bu, son dövrlərdə tətbiq edilən məhdudiyyətlər arasında ən sərtidir. Krım Rusiyanın Ukraynanın cənubunda, xüsusilə işğal altındakı Zaporojye və Xerson vilayətlərində yerləşən hərbi qüvvələrinin təminatı üçün əsas logistika mərkəzlərindən biri hesab olunur.

Məhdudiyyətlər mərhələli şəkildə tətbiq olunub. Mayın sonlarında yanacaq satışına norma qoyularaq hər şəxsə təxminən 20 litr verilməyə başlanıb. İyunun əvvəlində isə bu həcmdə yanacaq almaq üçün yeni talonların verilməsi tam dayandırılıb.

Məhz həmin dövrdə Ukraynanın yeni nəsil orta mənzilli pilotsuz aparatları – 30 ilə 300 kilometr arasında məsafə qət edə bilən təyyarə tipli dronlar – Krımı işğal olunmuş ərazilərlə birləşdirən avtomobil yollarına, körpülərə və limanlara mütəmadi zərbələr endirməyə başlayıb.

Təxminən 580 min nəfərin yaşadığı və Rusiyanın əsas hərbi bazalarının yerləşdiyi Sevastopolda da işğalçı administrasiya ictimai nəqliyyatın, ticarət və ictimai iaşə obyektlərinin fəaliyyətinə axşam saatlarında məhdudiyyətlər tətbiq edib.

Şəhərin rəhbəri Mixail Razvojayev bildirib ki, küçə işıqlandırması iki gün müddətinə söndürüləcək.

“Bu qərar yarımadada baş verən son hadisələr və logistikanın təcili şəkildə yenidən qurulması zərurəti ilə bağlıdır”, – deyə o bildirib.

Bundan əlavə, əvvəllər pilotsuz aparat hücumları nəticəsində zədələnmiş körpülərə alternativ kimi istifadə olunan dəniz bərələrinin fəaliyyəti də dayandırılıb. Ukraynanın Kerç boğazına yönəlmiş yeni hücumları Krımla Rusiyanın Krasnodar diyarı arasındakı nəqliyyat əlaqələrini daha da çətinləşdirib.

Yerli mənbələrin və Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, boğaz yaxınlığında yerləşən neft bazası da hücuma məruz qalıb.

İşğalçı hakimiyyət son hücumlar nəticəsində azı beş nəfərin öldüyünü açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə yalnız bir gecə ərzində guya 239 Ukrayna pilotsuz aparatının vurulduğunu iddia edib.

Ukrayna hərbi rəhbərliyi dron hücumlarının Krımı təcrid etməyə yönəlmiş geniş strategiyanın bir hissəsi olduğunu gizlətmir.

“Biz elə şərait yaradacağıq ki, hərbçilər və ya müdafiə sənayesi əməkdaşları üçün Krımda, müvəqqəti işğal olunmuş ərazilərdə qalmaq və ya həmin ərazilərə gedən marşrutlardan istifadə etmək son dərəcə çətin olsun”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı mayor Robert “Madyar” Brovdi “Reuters” agentliyinə bildirib.

Oxşar fikri Ukraynanın baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorov da səsləndirib:

“Əslində Krım dronların köməyi ilə təcrid olunur. Yaxın gələcəkdə isə görünür, Krım faktiki olaraq adaya çevriləcək.”

Analitiklər qeyd edirlər ki, əgər Ukrayna yarımada ilə nəqliyyat əlaqələrini ciddi şəkildə məhdudlaşdıra bilsə, Rusiyanın Zaporojye və Xerson istiqamətlərindəki qüvvələrini şəxsi heyət və texnika ilə təmin etməsi daha çətin olacaq.

İşğalçı qüvvələr üçün alternativ təchizat marşrutu Azov dənizi sahili boyunca uzanan və cənub cəbhəsini Rusiyanın Rostov vilayəti ilə birləşdirən R-280 avtomobil yoludur.

Lakin Ukraynanın orta mənzilli dronları artıq bu logistika arteriyasına da zərbələr endirir. Onlar hava hücumundan müdafiə sistemlərini və təchizat daşıyan yük avtomobillərini hədəfə alırlar.

Robert Brovdinin sözlərinə görə, bu hücumlardan sonra həmin magistralda hərəkətin intensivliyi 70 faizdən çox azalıb.

Bu pilotsuz aparatlar Ukraynanın arxa cəbhədə Rusiya logistikasını sıradan çıxarmağa yönəlmiş yeni strategiyasının əsas elementlərindən birinə çevrilib. Daha güclü döyüş başlıqları və radioelektron mübarizəyə qarşı vasitələrlə təchiz olunan bu dronlar Rusiyanın canlı qüvvə və maddi resurs üstünlüyünə əsaslanan taktikasını çətinləşdirir.

ABŞ-da fəaliyyət göstərən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) innovasiya və açıq mənbələr üzrə direktoru Corc Barros daha əvvəl bildirmişdi ki, bu imkanlar Ukraynaya ciddi üstünlük qazandıra bilər.

“Biz kifayət qədər nikbinik ki, yay ayları ərzində Ukrayna əhəmiyyətli strateji təşəbbüs əldə edə biləcək”, – deyə o vurğulayıb.

Samir
 

0