“Əsgərə salam” layihəsinə daha üç şəhidin övladları qoşuldu - FOTO

ÖLKƏ
22:19 / 03.09.2020
1070

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha üç şəhidin – iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat zamanı qəhrəmancasına həlak olan mayor Anar Gülverdi oğlu Novruzovun, mayor Namiq Hajan oğlu Əhmədovun və çavuş Vüqar Lətif oğlu Sadıqovun övladları qoşulub. Onlar hərbi salam vəziyyətində şəkil çəkdirərək, “Əsgərə salam” layihəsinə qoşulub.

Mayor Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. On uşaqlı ailənin sonbeşiyi idi. Vətən sevgisi ilə taleyini hərbçi peşəsinə bağlamışdı. Hazırda bir qardaşı oğlu və iki bacısı qızı onun yolunu davam etdirir. Şəhidin oğlu 13 yaşlı Nihad da atası kimi hərbçi olmaq arzusundadır. Şəhidin qızı Firuzə XI sinif şagirdidir, arzusu polis işçisi olmaqdır.

Mayor Namiq Əhmədov 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı qəsəbəsində anadan olub. İki övladı yadigar qalıb. 11 yaşlı Məhəmməd atasının yolunu davam etdirmək istəyir. 6 yaşlı Nigar isə atasının şəhid olmasından hələ xəbərsizdir.

Çavuş Vüqar Sadıqov 1987-ci ildə Ağstafa rayonun Göycəli kəndində anadan olub. Üç övlad – bir oğul, iki qız atası idi: Yaşar 11, Nərgiz 8, Zeynəb 7 yaşındadır.

Şəhid övladları “Əsgərə salam” layihəsinə qoşulmaqla qəhrəman atalarının ruhuna ehtiram, onların silahdaşlarına inam və etibar nümayiş etdirirlər. Rəşadətli ordumuz vətən yolunda canını əsirgəməyən əsgər və zabitlərimizin intiqamını düşməndən alıb. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün də uzaqda deyildir.

Xatırladaq ki, Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və müddətdən artıq həqiqi hərbi xidmət edən baş əsgər Elşad Məmmədovun övladları da "Əsgərə salam" layihəsində iştirak ediblər. Onların hərbi salamlama vəziyyətində çəkilən fotoşəkillər sosial şəbəkələrdə paylaşılıb.

Bu ilin əvvəlindən etibarən gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana etimadını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Layihədə iştirak edənlər, kollektiv və ya fərdi şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək öz sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Layihəyə qoşulanların sayı artıq yüz mini ötüb. Layihə çərçivəsində, həmçinin, “Əsgərə salam” adlı fləşmob, futzal turniri, inşa müsabiqəsi təşkil edilib. Layihədə iştirak etmək istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqi ilə paylaşa bilərlər.

0
Moderator.az