İran təhlükəsizlik qüvvələri tərəfindən Sulduz şəhərində saxlanılan milli fəal Musa Ziya Gərgəri sərbəst buraxılıb.
Sulduz sakini olan Ziya Gərgəri mayın 23-də saxlanıldıqdan bir neçə saat sonra gecə yarısı azadlığa buraxılıb.
Hər il 2006-cı ilin may ayında Güney Azərbaycanda baş qaldıran kütləvi üsyan zamanı Sulduz şəhərində türk etirazçıların öldürülməsinin ildönümü ərəfəsində azərbaycanlı milli fəallara təzyiqlər artır.
Qərbi Azərbaycan əyalətinin Təhlükəsizlik idarəsi müxtəlif şəhərlərdə milli fəallarla əlaqə saxlayaraq Sulduz şəhidlərinin ildönümü mərasiminin keçirilməsi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatur dərc edib. Bundan sonra azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə kütləvi etiraz aksiyalarına başladılar.
Azərbaycan tarixinə Milli Qiyam adı ilə düşən kütləvi etirazlar xüsusilə, Sulduz, Təbriz, Urmiya və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırıldı.
Hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazçılara atəş açması nəticəsində azı dörd vətəndaş, o cümlədən, Hüseyn Fəthipur (16 yaşında), Tövhid Azəriyyun (26), Himmət İsmzadə (35) və Əsgər Qasimi (39) şəhid edildilər.