Rusiyanın Ukraynadakı müharibəsinə rəhbərlik edən 4 general - DOSYE

DÜNYA
16:11 / 20.07.2022
1649

Rusiyanın Müdafiə Nazirliyi bu gün ilk dəfə olaraq Ukraynada aparılan müharibədə “Qərb” qoşunları  qrupunun komandirinin adını açıqlayıb.

Onun general-leytenant Andrey Sıçevoy olduğu ortaya çıxıb.

Beləliklə, Rusiya Müdafiə Nazirliyinin son məlumatlarından məlum olur ki, Moskva hazırda Ukraynadakı hərbi əməliyyatlara özünün 4 qoşun qrupunu cəlb edib - “Qərb”, “Cənub”, “Mərkəz” və “Şərq”.

Rusiyanın Ukraynada apardığı müharibəyə rəhbərlik edən generalların dosyesini təqdim edirik:

“Qərb” qoşun qrupunun komandiri, general-leytenant Andrey Sıçevoydur.

O, 16 may 1969-cu ildə Krasnodar diyarının Krımski rayonunun Troitskaya kəndində anadan olub.  1990-cı ildə Ulyanovsk Qvardiya Ali Tank Komandanlığı Məktəbini bitirib, 2016-cı ildə isə Baş Qərargahın Hərbi Akademiyasında təhsilini başa vurub.

Andrey Sıçevoy hərbi karyerasına taqım komandiri kimi başlayıb.  O, taqım komandirindən dəstə komandirliyinə qədər bütün vəzifələri keçərək tank və motoatıcı hissələrdə xidmət edib.

Daha sonra alay komandirinin müavinindən diviziya komandirinin müavini vəzifələrində xidmətini davam etdirib.
Silahlı Qüvvələrin Baş Qərargahının Hərbi Akademiyasını bitirdikdən sonra “Şərq” Hərbi Dairəsinin 5-ci Birləşmiş Silahlı Qüvvələrinin qərargah rəisi təyin edilib.

2017-ci ilin yanvar ayından – “Cənub” Hərbi Dairəsinin 8-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandirinin müavini - qərargah rəisi təyin edilib.
2019-cu ilin fevral ayından – “Cənub” Hərbi Dairəsinin 8-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandanı olub.
22 fevral 2019-cu ildə ona general-leytenant hərbi rütbəsi verilib.

2021-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa İttifaqında Andrey Sıçevoya qarşı şəxsi sanksiyalar tətbiq edilib.

Hazırda Ukraya ilə müharibədə Rusiyanın “Qərb” qoşunları qrupuna komandanlıq edir.

***

“Cənub” qoşunları qrupunun komandiri, ordu generalı Sergey Surovikindir.

Sergey Surovikin 11 oktyabr 1966-cı ildə Novosibirskdə anadan olub. 1987-ci ildə M.V.Frunze adına Omsk Ali Ümumqoşun Komandanlıq Məktəbini  bitirib. Sonra 2-ci Qvardiya motoatıcı diviziyasında motoatıcı tağım komandiri, motoatıcı rotasının komandiri vəzifələrində xidmət edib.

1991-ci ilin avqustunda kapitan rütbəsi ilə 2-ci Qvardiya motoatıcı diviziyasının 1-ci motoatıcı batalyonunun komandiri vəzifəsinə yüksəlib.  

1995-ci ilin sentyabrında M.V.Frunze adına Hərbi Akademiyada oxuyarkən Moskva qarnizonunun hərbi məhkəməsi tərəfindən icazəsiz odlu silah və döyüş sursatı əldə etmək və satmaqda, habelə icazəsiz gəzdirməkdə günahkar bilinib. O, 1 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Lakin sonra istintaq zabitə tələ qurulduğunu müəyyən etdikdən sonra ittiham ləğv olunub və məhkumluq aradan qaldırılıb.

1995-ci ildə Frunze adına Hərbi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Akademiyadan sonra Tacikistanda motoatıcı batalyonunun komandiri, sonra 92-ci motoatıcı alayının qərargah rəisi, 149-cu qvardiya motoatıcı alayının qərargah rəisi və komandiri, 201-ci motoatıcı diviziyanın qərargah rəisi vəzifələrində xidmət edib.
2002-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

2002-2005-ci illərdə diviziya komandiri olub. Daha sonra müxtəlif hərbi hissələrə rəhbərlik edib.
2008-ci ilin noyabrından 2010-cu ilin yanvarına qədər - Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi olub.

2012-ci ildə o, Rusiya Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2013-cü ilin oktyabrında “Şərq” Hərbi Dairəsinin komandanı təyin edilib. 12 dekabr 2013-cü ildə ona general-polkovnik hərbi rütbəsi verilib.

2017-ci ilin martından dekabr ayına qədər - Rusiya Silahlı Qüvvələrinin Suriyadakı Qüvvələr Qrupunun komandanı olub.

31 oktyabr 2017-ci ildə Rusiya prezidentinin fərmanı ilə general-polkovnik Sergey Surovikin Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edilib.
2017-ci il dekabrın 28-də Rusiya prezidenti Vladimir Putin general-polkovnik Surovikinə “Rusiya Federasiyası Qəhrəmanı” adı verib.

16 avqust 2021-ci ildə prezident Vladimir Putinin fərmanı ilə ona ordu generalı hərbi rütbəsi verilib.
2022-ci il iyunun 24-də Müdafiə Nazirliyi bəyan edib ki, S.Surovikin Rusiya Silahlı Qüvvələrinin “Cənub”  qrupunun komandanı kimi Ukrayna ilə müharibədə iştirak edir.

***

“Mərkəz” qoşunları qrupunun komandiri, general-polkovnik Aleksandr Lapindir.

Aleksandr Lapin 1 yanvar 1964-cü ildə Tatarıstanın paytaxtı Kazanda doğulub.
Orta məktəbi bitirdikdən sonra Kazan Kimya Texnologiya İnstitutunda təhsil alıb (1981-1982). 1982-1984-cü illərdə Sovet Ordusu sıralarında Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. Hərbi xidmətdən sonra Kazan Ali Tank Komandanlığı Məktəbinə daxil olub, 1988-ci ildə oranı bitirib. Sonra Leninqrad Hərbi Dairəsində və Şimal Donanmasının Sahil Qoşunlarında tank tağımının və tank rotasının komandiri vəzifələrində xidmət edib.

1997-ci ildə Malinovski adına Zirehli Qüvvələr Hərbi Akademiyasını bitirib. Akademiyanı bitirdikdən sonra 58-ci Əlahiddə Ümumqoşun Ordusunda ayrıca tank batalyonunun komandiri kimi xidmət edib.
1999-cu ildən motoatıcı alayda qərargah rəisi, komandiri olub.

2001-2007-cü illərdə diviziyasının qərargah rəisi, briqada komandiri, diviziyasının komandiri olub.
2009-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Akademiyanı bitirdikdən sonra 58-ci Ordu komandirinin müavini olub.

2012-ci ilin aprelindən 2014-cü ilin iyulunadək - 20-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandanı olub. 2014-cü ildə general-leytenant hərbi rütbəsinə layiq görülüb.

2014-2017-ci illərdə - Qərargah rəisi – “Şərq” Hərbi Dairəsi komandanının birinci müavini ıpostuna yüksəlib.
2017-ci ildə Rusiya Federasiyasının Suriyadakı qoşunlar qrupunun qərargah rəisi olub.
22 noyabr 2017-ci ildə Rusiya Prezidentinin fərmanı ilə “Mərkəz” Hərbi Dairə qoşunlarının komandanı təyin edilib.

2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarına qədər – Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub.
2019-cu ilin fevral ayında ona general-polkovnik hərbi rütbəsi verilib.
2022-ci il iyunun 24-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, general-polkovnik Lapin “Mərkəz” qoşun qruplaşmasının rəhbəri kimi Ukrayna müharibəsində  iştirak edir.
4 iyul 2022-ci ildə Rusiya prezidentinin fərmanı ilə o, “Rusiya Federasiyasının Qəhrəmanı” adına layiq görülüb.

***

“Şərq” qoşunları qrupunun komandiri general-leytenant Rüstəm Muradovdur.

Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. Novoçerkasskdakı kursantlar məktəbini bitirib. 1990-cı ildən hərbi xidmətdədir. Sankt-Peterburq Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbini (1995) və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasını fərqlənmə diplomu ilə bitirib, həmçinin Rusiya Federasiyasının Silahlı Qüvvələri Baş Qərargahın Hərbi Akademiyasında təhsil alıb.

242-ci qvardiya motoatıcı alayının komandiri (2008-2009), 17-ci əlahiddə qvardiya motoatıcı briqadasının komandiri (2009), 36-cı xüsusi qvardiya motoatıcı briqadasının komandiri 2009-2012) olub.

2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2013-cü illərdə - Mərkəzi Hərbi Dairənin 473-cü Lisiçansk Dairə Təlim Mərkəzinin rəisi işləyib.

2015-2017-ci illərdə - 41-ci Ordu rəisinin birinci müavini və qərargah rəisi olub. 2016-cı ildə o, Donbassda Atəşkəs və Tərəflər arasında Demarkasiya Xəttinin Sabitləşdirilməsi Məsələlərinə Nəzarət və Koordinasiya üzrə Birgə Rusiya-Ukrayna Mərkəzində Rusiyanın nümayəndəsi olub.
2017-ci ildə Suriyada hərbi məsləhətçi olub. Rusiya prezidentinin 28 dekabr 2017-ci il tarixli sərəncamı ilə hərbi borcunu yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə general-mayor Muradov “Rusiya Federasiyasının Qəhrəmanı” adına layiq görülüb.
2017-ci ilin dekabrından 2018-ci ilin dekabrına qədər - Mərkəzi Hərbi Dairənin 2-ci Qvardiya Qırmızı Bayraqlı Ordusunun komandiri olub.

25 dekabr 2018-ci ildən - Cənub Hərbi Dairəsinin komandan müavini kimi xidmət edib.

Rusiya Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə ona general-leytenant hərbi rütbəsi verilib.

11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək - Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri olub.

Hazırda Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə “Şərq” qoşunları qrupuna komandanlıq edir.

Mənbə: Modern.az

0