İlham Əliyev Ərdoğana zəng etdi - YENİLƏNİB

SİYASƏT
15:00 / 06.02.2023
942

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirib.

Dövlət başçısı deyib ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.

Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlət başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

09.57

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

HİT.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

0