Kosmosda qalaktikalar arasında hərəkət edən qara dəliklərin milyardlarla il əvvəl yarandıqları qalaktikalar haqqında məlumatı özlərində qoruduğu müəyyən edilib.
HİT.az xəbər verir ki, beynəlxalq tədqiqat qrupu qalaktikaların və qara dəliklərin təkamülünü ASTRID kosmoloji simulyasiyası vasitəsilə araşdırıb. Nəticələr "The Astrophysical Journal Letters" jurnalında dərc olunub.
Superkütləli qara dəliklər adətən qalaktikaların mərkəzində yerləşir. Lakin qalaktikaların toqquşması və birləşməsi zamanı onlar mərkəzdən uzaqlaşaraq kosmosda “sərgərdan” vəziyyətə düşə bilirlər.
Bu hal xüsusilə kiçik qalaktikalarda daha çox müşahidə olunur. Səbəb isə belə qalaktikalarda cazibə qüvvəsinin nisbətən zəif olması və qara dəliyin qalaktikanın mərkəzi ilə əlaqəsini daha asan itirməsidir.
Tədqiqatçılar müəyyən ediblər ki, öz qalaktikalarının mərkəzini tərk edən qara dəliklər yeni mühitdə sıx mərkəzi bölgələrdəki obyektlər qədər aktiv şəkildə maddə ilə qarışmır.
Bu səbəbdən həmin qara dəliklər yarandıqları qalaktikadakı ilkin şərait və obyektlər haqqında məlumatı milyardlarla il ərzində daha uzun müddət qoruyub saxlaya bilirlər.
Alimlər qara dəliyin hazırkı mövqeyinin də onun keçmişdə məruz qaldığı dəyişiklikləri izləməyə imkan verdiyini bildirirlər.
Araşdırmada mərkəzində qara dəlik qalan kiçik qalaktikalarla qara dəliyini itirmiş qalaktikalar arasında da fərqlər aşkarlanıb. Mərkəzi qara dəliyini qoruyan qalaktikalarda ulduzəmələgəlmə prosesinin digər qalaktikalara nisbətən daha erkən dayandığı müəyyən edilib.
Alimlərin fikrincə, sərgərdan qara dəliklərin xüsusiyyətləri superkütləli qara dəliklərin necə yarandığını anlamağa da kömək edə bilər.
Onların araşdırılması ilk qara dəliklərin kütləvi ulduzların çökməsi nəticəsində yaranan nisbətən kiçik “toxumlardan”, yoxsa sıx qaz buludlarının birbaşa çökməsi nəticəsində formalaşan daha böyük “toxumlardan” meydana gəldiyi sualına cavab tapmaq üçün yeni ipucları verə bilər.
Bu baxımdan, qalaktikaların mərkəzindən uzaqlaşmış qara dəliklər kainatın ilkin dövrləri və onun təkamülü haqqında məlumat daşıyan mühüm kosmik obyektlər kimi qiymətləndirilir.
Samir


