Almaniyanın şərqində yerləşən Şipkau şəhərində hündürlüyü 365 metrə çatan külək turbini inşa edilib. Qurğu dünyanın ən hündür külək turbini hesab olunur.
HİT.az xəbər verir ki, nəhəng turbinin noyabr ayında istismara verilməsi planlaşdırılır.
Layihənin əsas xüsusiyyətlərindən biri qüllənin daxili hissəsinin kranlardan istifadə edilmədən xüsusi troslu qaldırma sistemi ilə son hündürlüyə çatdırılmasıdır. Bu texnologiya böyük hündürlükdə konstruksiyaların quraşdırılmasına imkan verir.
Turbinin qülləsinin hündürlüyü 300 metrdir. Qurğu daha yüksəklikdə yerləşən güclü və sabit küləklərdən istifadə etməklə adi külək turbinlərindən təxminən iki dəfə çox enerji istehsal etmək üçün layihələndirilib.
Nəhəng qurğunun bir il ərzində təxminən 7 500 ev təsərrüfatının elektrik enerjisi tələbatını qarşılaya biləcəyi bildirilir.
365 metr hündürlüyü ilə turbin Almaniyanın ikinci ən hündür tikilisi də olub. O, 368 metr yüksəklikdəki Berlin televiziya qülləsindən cəmi 3 metr alçaqdır.
Şipkau külək parkının bir hissəsi olan layihə Almaniyanın keçmiş mədən regionunda həyata keçirilib. Layihəyə Almaniya dövləti tərəfindən Federal Sıçrayış İnnovasiyaları Agentliyi (SPRIND) vasitəsilə 20-30 milyon avro arasında maliyyə ayrılıb.
Pilot layihənin əsas məqsədi mövcud külək parklarının ərazisində daha hündür turbinlərdən istifadə etməklə yeni parklar tikmədən enerji istehsalını artırmağın mümkünlüyünü araşdırmaqdır.
Bununla belə, layihə tənqidlərdən də yan keçməyib. Külək enerjisinin bəzi əleyhdarları, o cümlədən Almaniyanın sağçı AfD partiyası nəhəng qurğunun landşaft və biomüxtəlifliyə təsiri ilə bağlı narahatlıq ifadə edib.
Samir


