ABŞ Rusiyanı vasitəçilikdən kənarlaşdırır?

HƏRBİ
10:52 / 02.05.2023
929

Rusiyanın Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilik mövqeyi zəifləməyə davam edir.

Ötən həftə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova diqqətçəkən bir açıqlama verdi. O, Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin tezliklə görüşəcəklərini dedi. Amma bu açıqlamadan çox qısa bir müddət sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Vaşinqtonda görüşdü. Görüş ötən gün ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə həyata keçirildi. Əlbəttə ki, siyasətdə heç bir addım əbəs yerə atılmır. Rusiya XİN rəsmisinin bəyanatından sonra ABŞ-da bu görüşün təşkil olunması Kremlə bir mesaj kimi də qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, həm Azərbaycan, həm də Ermənistan Rusiyanın vasitəçiliyindən razı deyil.

Əslində bizim razı olmamaq üçün kifayət qədər çox səbəbimiz var. 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatın müddəalarının hələ də icra olunmaması, Rusiyanın buna görə Ermənistana heç bir təzyiq göstərməməsi, eləcə də rus sülhməramlılarının separatçıların qoruyucusu kimi davranması xalqımızın hiddətinə səbəb olur. Xüsusilə, Rusiya sülhməramlılarının ermənilərə açıq şəkildə dəstək olması və özbaşınalıqları Kremlin prosesi ədalətli idarə etmədiyinin əyani sübutudur. Rəsmi İrəvanın bütün bu dəstəyə rəğmən Rusiyadan razı qalmamasının səbəbi isə Baş nazir Nikol Paşinyanın Qərbyönümlü siyasət aparmağa çalışmasıdır. Lakin onun bu siyasəti də uğurlu apara bilmədiyi göz önündədir.

Belə bir vəziyyətdə ABŞ da bölgədə söz sahibi olmağa çalışır. Üstəlik, rəsmi Vaşinqton son illərdə ilk dəfədir bölgəyə bu qədər yaxından təmas edir. Ağ Ev Cənubi Qafqaz regionunu Rusiyanın əlindən qoparmağa çalışır və bunun üçün çox ciddi səy göstərir. Şübhəsiz ki, Kreml də bütün baş verənləri diqqətlə izləyir. Hazırda bir çox cəbhələrdə olduğu kimi Cənubi Qafqaz uğrunda da ABŞ və Rusiya qarşıdurması yaşanmaqdadır. Son hadisələr isə Rusiyanın "oyundankənar vəziyyətdə" qaldığını göstərir. 

Nəzərə almaq lazımdır ki, Azərbaycanın mövqeyi olduqca aydın və qətidir. Ermənistan həqiqətən sülh istəyirsə, Azərbaycanın təklif etdiyi 5 baza prinsipini qəbul etməlidir. Bundan sonra isə tərəflər arasında sülh müqaviləsinin bağlanması üçün heç bir maneə olmayacaq. Üstəlik, rəsmi İrəvan bu addımları atacağı təqdirdə vasitəçinin kim olmasının bir önəmi olmayacaq. Ümumiyyətlə, heç vasitəçiyə də ehtiyac qalmayacaq.

Pərviz

0