Hansı ölkələrdəki seçki ikinci tura qalıb? - ARAŞDIRMA 

DÜNYA
17:39 / 18.05.2023
793

Bildiyiniz kimi, Türkiyədəki prezident seçkiləri ikinci tura qalıb.

Mövcud Prezident, "Cümhur İttifaqı"nın Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu 44,88 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğan isə 5,17 faiz səs toplayıb. Bununla da Türkiyə tarixində ilk dəfə prezident seçkiləri ikinci tura qalıb. İkinci tur isə 28 may tarixində keçiriləcək və Ərdoğan ilə Kılıçdaroğlu prezidentlik uğrunda növbəti dəfə qarşı-qarşıya gələcəklər.

Bəs son illərdə başqa hansı ölkələrdə keçirilən prezident seçkiləri ikinci tura qalıb və hansı nəticələr qeydə alınıb?

HİT.az son illərdə prezident seçkiləri ikinci tura qalan 10 ölkəni təqdim edir:

1. Fransa
Dünyanın yaxından izlədiyi seçkilərdən biri ötən il Fransada keçirildi. Emmanuel Makron və Marin Le Pen arasında prezidentlik uğrunda gərgin mübarizə yaşandı. Makron 27,9%, Le Pen isə 23% səs yığdı və seçki ikinci tura qaldı. İkinci turda Makron 58,5% səs toplayaraq ardıcıl ikinci dəfə Fransa Prezidenti seçildi.

2. Braziliya
2022-ci ildə Braziliyada keçirilən prezident seçkilərində Jair Bolsonaro ilə Lula da Silva mübarizə apardı. Lula da Silva 48%, Jair Bolsonaro isə 43% səs topladı və seçki ikinci tura qaldı. İkinci turda da nəticə dəyişmədi. Belə ki, Bolsonaro ilk tura nisbətən rəqibi ilə arasındakı fərqi 6 milyondan 2 milyona endirsə də 49,1 faiz toplayaraq prezident vəzifəsini itirdi.

3. Gürcüstan
2018-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərində Salome Zurabişvili səslərin 38,6 faizini, Qriqol Vaşadze isə 37,7 faizini toplamağa müvəffəq oldu. Namizədlərin heç biri 50 faiz səddini keçə bilmədiyi üçün seçki ikinci tura qaldı. Lakin Zurabişvili ilk turdan fərqli olaraq, ikinci turda seçicilərin 59 faizinin dəstəyini qazanaraq Gürcüstan Prezidenti seçildi. O, ölkənin ilk qadın Prezidenti olaraq da tarixə keçdi.

4. Ukrayna
Hal-hazırda dünyanın əsas diqqət mərkəzində olan Ukraynada 2019-cu ildə keçirilən seçkilər də bu cəhətdən yaddaqalan olub. Belə ki, o dönəmin iqtidarda olan Prezidenti Peter Poroşenko ilk turda 15%, onun əsas rəqibi Volodimir Zelenski isə 30% səs toplayıb. İki həftə sonra keçirilən ikinci turda isə tam bir sürpriz yaşanıb. Zelenski səslərin 73,2 faizini qazanaraq Ukraynanın yeni Prezidenti seçilib.

5. Ekvador
2021-ci ildə Ekvadorda keçirilən seçkilər də olduqca diqqət çəkib. Andres Arauz birinci turda 32,7%, Gilermo Lasso isə 19,74% səs toplayıb. Amma ikinci turda tamam başqa nəticələr qeydə alınıb. Lasso seçicilərin 52 faizinin dəstəyini qazanaraq Ekvadorun yeni Prezidenti olub.

6. Polşa 
2020-ci ildə Polşada keçirilən seçkilər də diqqət çəkirdi. Seçkidə mövcud Prezident Anjey Duda səslərin 43,5 faizini qazandı. Onun rəqibi olan Rafal Trzaskovski isə 30 faiz səs topladı və seçkilər ikinci tura qaldı. İkinci turda çox gərgin mübarizə getməsinə baxmayaraq, Duda 51 faiz səs toplayaraq yenidən Prezident seçildi.

7. Uruqvay
2019-cu ildə Uruqvayda keçirilən seçkilərin ilk turunda Daniel Martinez 40%, Luis Lakalle Pou isə 29% səs toplayıb. Başa-baş keçən ikinci turda isə Pou səslərin 50,7 faizini alaraq, rəqibindən təxminən 40 min çox səs topladı və Prezident seçildi.

8. Slovakiya
2019-cu ildə Slovakiyada keçirilən seçkilərin birinci turunda Zuzana Çaputova 40,5%, Maros Sefcovic isə 18% seçici dəstəyi qazanıb. İkinci turda da böyük bir dəyişiklik baş verməyib. Yəni Çaputova 58% səs toplayaraq Prezident seçilib.

9. Rumıniya
2019-cu ildə prezident seçkiləri keçirilən ölkələrdən biri də Rumıniya idi. 10 noyabrda keçirilən seçkilərin seçkilərdə 37,8 Klaus İohannis, 22% isə Viorika Dankila səs qazanıb. 24 noyabrda keçirilən seçkilərdə isə İohannis rəqibi ilə arasındakı fərqi daha da artırıb və 66% səslə dövlət başçısı seçilib.

10. Çexiya
Bu ilin əvvəlində Çexiyada keçirilən seçkilər də ilk turda başa çatmayıb. Daha dəqiq desək, 13-14 yanvarda keçirilən seçkilərdə Petr Pavel 35,4%, Andrey Babis isə 35% səs toplayıb. Rəqiblər arasında çox cüzi fərqin qeydə alındığı seçkilərdən sonra ikinci tur keçirilib. 27-28 yanvarda keçirilən seçkilərdə isə Pavel rəqibindən 1 milyon daha artıq səs toplayıb və 58 faizlə inamlı qələbə qazanaraq Prezident seçilib.

Pərviz

0