"Evdə özümə müxtəlif məşğuliyyətlər tapıram. Ən sevdiyim iş təsbeh düzəltməkdir". Bunu Azvision.az -a Xalq artisti Arif Quliyev karantin günlərindən danışarkən deyib.
Aktyor bildirib ki, evdə darıxmamaq üçün kitab oxuyur, şeir əzbərliyir və təsbeh düzəldir.
"Bağım yoxdur, 45 ildir bina evində yaşayıram. Şəraitim normaldır, sıxılmıram, müxtəlif məşğuliyyətlərlə başımı qatıram. Nüsrət Kəsəmənlidən, Ramiz Rövşəndən şeirlər oxuyuram. Hərdən özüm də şeir yazıram. Bundan əlavə yumoristik monoloqlar hazırlayıram. Onları verilişlərə gedəndə səsləndirirəm".
Arif Quliyev koronavirusla necə mübarizə aparması ilə bağlı suala yumorla cavab verib: "Koronavirusla gizlənqaç oynayıram. O məni axtarır, mən də evdə gizlənirəm, tapa bilmir. Səhhətim əladır. Hərdən təzyiqim olur. Amma qalan hər şey yerindədir.
Həftəsonu qadağalarında darıxmadım, adam öz evindən, ocağından yorulub darıxarmı?! Karantinin bir xeyri oldu ki, kişilər evdə tapıldı, evə yığışıb uşaq və nəvə ilə oynadılar".