Dırnaqlarda yaranan yaşıl rəng dəyişiklikləri çox vaxt görməməzliyə vurulur. Lakin bu dəyişiklik “yaşıl dırnaq sindromu” adlanan bir infeksiyanın əlaməti ola bilər. Bəs bu infeksiya nə səbəbdən yaranır və necə müalicə olunur?
HİT.az xəbər verir ki, əgər dırnaqlarınızda qəfil və izah edə bilmədiyiniz yaşıl rəng görmüsünüzsə, bu “yaşıl dırnaq sindromu” ilə qarşı-qarşıya olduğunuz anlamına gələ bilər. Tibbdə bu vəziyyət “chloronychia” və ya bəzən “Goldman-Fox sindromu” adlandırılır və infeksiyaya bağlı yaşıl rəng dəyişikliyi ilə müşahidə olunur.
Bu rəng dəyişikliyi bəzən yalnız dırnağın kiçik bir hissəsini əhatə etsə də, bəzən bir neçə və ya bütün dırnaqlara yayıla bilər. Adətən, dırnağın alt qismindən ayrılması ilə xarakterizə olunan “onixoliz” vəziyyəti ilə birlikdə baş verir. Bu da dırnaq altında nəm və hava yığılmasına, infeksiyanın daha da inkişafına səbəb olur.
Yaşıl dırnaq sindromunun ən geniş yayılmış səbəbi, “Pseudomonas aeruginosa” adlı bakteriyadır. Xəstəxana mühitində müalicəsi çətin olan infeksiyalara səbəb ola bilən bu bakteri, əsasən nəmli yerlərdə olur. Buna görə də əllərini tez-tez yumaq məcburiyyətində olan səhiyyə işçiləri, təmizlik işçiləri və bərbərlər kimi peşə sahiblərində bu sindroma daha çox rast gəlinir.
Bəzən göbələk infeksiyaları da bu sindroma səbəb ola bilir; lakin göbələk mənşəli infeksiyalar adətən yaşıl rəngdə olmur. Məsələn, son vaxtlarda bildirilmiş bəzi hallarda “Candida parapsilosis” adlı göbələyin səbəb olduğu yaşıl dırnaq hallarına “viridionyxia” adı verilib və bunlar bakterial infeksiyalardan fərqli qəbul olunub.
Müalicə infeksiyanın mənbəyinə görə dəyişir. Əgər infeksiya bakterialdırsa, göz damcısı şəklində tətbiq olunan antibiotiklər dırnağın dərinliklərinə daha yaxşı nüfuz etdiyinə görə təsirli sayılır. Eyni zamanda, yerli antibiotiklər və göbələk əleyhinə dərmanlar da istifadə olunur.
Qulaq infeksiyalarında istifadə olunan “asetik turşu” məhlullarının dırnaq infeksiyalarında da faydalı olduğu bilinir. Bir hadisə hesabatında “Pseudomonas” bakteriyasının səbəb olduğu mürəkkəb qulaq infeksiyasından sonra eyni bakteriyanın dırnağa keçdiyi və “asetik turşu” ilə müalicə edildiyi qeyd olunur.
Müalicə adətən uzun çəkə bilər; sağalma prosesi bir neçə həftə, bəzən isə bir ayadək vaxt ala bilər. Bəzi hallarda infeksiya nəzarət altına alınmazsa, dırnağın cərrahi yolla çıxarılması lazım gəlir. İmmuniteti zəif olan insanlarda bakteriyanın bədənin digər nahiyələrinə yayılması kimi daha ciddi hallar çox nadir də olsa müşahidə oluna bilər.
Əgər süni dırnaq, akrilik və ya digər dırnaq bəzəklərindən istifadə edirsinizsə, infeksiya sağalana qədər bunlardan uzaq durmanız məsləhətdir.
Bu sindromdan qorunmaq üçün əllərinizi tez-tez yumağınız tələb olunan bir işdə çalışırsınızsa, hər yuyulmadan sonra əllərinizi yaxşıca qurulamaq çox vacibdir. Əgər dırnaq boyası istifadə edirsinizsə, ojeni çıxardıqdan sonra dırnaqlarınızı diqqətlə yoxlayın; erkən əlamətləri vaxtında görmək müalicəyə tez başlamağa imkan verir. Həmçinin dırnaqda yaranan xırda zədələnmələr və ya psoriaz kimi dırnaq strukturunu zəiflədən hallar infeksiya riskini artırır.
Dırnaqlarınızda rəng dəyişməsi, qalınlaşma, soyulma və ya başqa anormal hal görsəniz, vaxt itirmədən dermatoloqa müraciət etməyiniz tövsiyə olunur.
Samir