Alimlər prostat vəzi xərçəngi ilə əlaqəli virusları müəyyən edib

SAĞLAMLIQ
17:26 / 02.07.2026
43

Akademik B.V. Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzinin infeksion və virus onkopatologiyası üzrə referens mərkəzinin alimləri uroloqlarla birgə apardıqları tədqiqat nəticəsində Epstein–Barr virusu, insan herpes virusunun 6-cı tipi və sitomeqalovirusun prostat vəzinin bədxassəli şişinin inkişaf riskini artıra biləcəyini müəyyən ediblər. 

HİT.az xəbər verir ki, bu barədə Rusiyanın Elm və Ali Təhsil Nazirliyi məlumat verib.

Prostat vəzi xərçəngi kişilər arasında ən geniş yayılmış onkoloji xəstəliklərdən biridir. Xəstəlik uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Diaqnostika və müalicə sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, alimlər onun yaranma mexanizmlərini hələ də tam aydınlaşdıra bilməyiblər.

Bu səbəbdən tədqiqatçılar prostat vəzi patologiyalarının virus infeksiyaları ilə əlaqəsini araşdırıblar. Onlar virusların əvvəlcə xoşxassəli olan şişlərin bədxassəli formaya keçməsində mümkün rolunu qiymətləndiriblər.

Araşdırma nəticəsində məlum olub ki, prostat vəzinin xoşxassəli hiperplaziyası olan şəxslərdə ən çox insan papilloma virusu (48 faiz), Epstein–Barr virusu (45 faiz) və sitomeqalovirus (7 faiz) aşkarlanıb.

Bədxassəli şişlərdə isə daha çox Epstein–Barr virusu (34 faiz), insan herpes virusunun 6-cı tipi (32 faiz) və sitomeqalovirus (22 faiz) müəyyən edilib.

Alimlər hesab edirlər ki, prostat vəzinin xoşxassəli hiperplaziyası olan və şişin bədxassəli formaya keçməsi ehtimalı qiymətləndirilən xəstələrdə biopsiya nümunələri insan herpes virusunun 6-cı tipi və sitomeqalovirusa görə də yoxlanılmalıdır. Tədqiqat müəlliflərinin fikrincə, bu virusların mövcudluğu daha aqressiv gedişə malik prostat xərçənginin inkişaf riskini artıra bilər.

Araşdırmada həmçinin qeyd olunur ki, viruslarla əlaqəli prostat xərçəngi təsdiqlənərsə, müalicə radikal üsullarla aparılmalı və antiviral terapiya ilə birgə tətbiq edilməlidir.

Samir
 

0