Bu isti içki yay istisində sərinləməyə kömək edə bilər, amma bir şərtlə..

SAĞLAMLIQ
20:56 / 02.07.2026
41

Yayılmış fikrin əksinə olaraq, isti içkilər orqanizmin isti havaya daha asan uyğunlaşmasına kömək edə bilər. Bu nəticəyə Ottava Universitetinin alimləri içkilərin temperaturunun fiziki fəaliyyət zamanı orqanizmin istilik mübadiləsinə təsirini araşdıran tədqiqat zamanı gəliblər. 

HİT.az xəbər verir ki, bu barədə "Discover" nəşri yazıb.

Təcrübə zamanı velosipedçilər eyni temperatur və rütubət şəraitində məşq edərək müxtəlif temperaturda su qəbul ediblər. Tədqiqatçılar iştirakçıların bədən temperaturunu və tənəffüs göstəricilərini izləyiblər.

Araşdırma göstərib ki, təxminən 50 dərəcə selsi temperaturunda olan isti su soyuq su ilə müqayisədə orqanizmdə istiliyin toplanmasını daha effektiv azaldır. Alimlər bunu isti içkinin tərləməni gücləndirməsi ilə izah edirlər. Tər dərinin səthindən buxarlandıqda bədən təbii şəkildə soyuyur.

Lakin bu təsir yalnız isti və quru iqlim şəraitində müşahidə olunur. Havanın rütubətli olduğu yerlərdə tər zəif buxarlandığından güclənmiş tərləmə orqanizmi kifayət qədər soyuda bilmir. Belə hallarda isti içkilər gözlənilən effekti vermir.

Mütəxəssislər qeyd edirlər ki, Yaxın Şərq, Şimali Afrika və Hindistanda isti çay içmək ənənəsi yüzilliklərdir mövcuddur. Bu vərdiş qismən quru isti şəraitdə orqanizmin istilik tənzimlənməsi xüsusiyyətləri ilə əlaqəli ola bilər. Bununla yanaşı, tarixən isti içkilər gigiyenik səbəblərlə də istehlak olunub.

Alimlər vurğulayırlar ki, soyuq içkilər də sağlamlıq üçün təhlükəli deyil. Orqanizm buz kimi soyuq suyu bədən temperaturuna qədər qızdırmaq üçün müəyyən qədər enerji sərf etsə də, bu, daxili bədən temperaturunun artmasına səbəb olmur.

Ekspertlərin fikrincə, isti havalarda ən vacib məsələ içkinin temperaturu deyil, kifayət qədər maye qəbul etməkdir. Həkimlər gün ərzində, xüsusilə fiziki fəaliyyət və ya açıq havada işləyərkən mütəmadi su içməyi tövsiyə edirlər. Orqanizm ehtiyac duyduğu mayenin bir hissəsini xiyar, pomidor və qarpız kimi tərkibində su çox olan qidalardan da ala bilər.

Samir

0