"bioRxiv": Körpələr doğuşdan dərhal sonra əşyaların sayını ayırd edə bilirlər

SAĞLAMLIQ
10:52 / 02.07.2026
40

İtaliyanın Trento Universitetinin tədqiqatçıları yeni doğulan körpələrdə anadangəlmə say hissəsinin əsasını təşkil edən sinir mexanizmlərini ilk dəfə müəyyən ediblər. Araşdırma göstərib ki, körpələr doğulduqdan sonrakı ilk saat və günlərdə obyektlərin sayını fərqləndirmək qabiliyyətinə malikdirlər.

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri hələ müstəqil elmi ekspertizadan keçməyən "bioRxiv" preprint platformasında dərc olunub.

Təcrübədə həyatının ilk günlərində olan 21 yeni doğulmuş körpə iştirak edib. Alimlər elektroensefaloqrafiya (EEQ) vasitəsilə onların beyin fəaliyyətini qeydə alıblar. Körpələr eyni vaxtda dörd və ya on iki hecadan ibarət təkrarlanan səs qruplarını dinləyib, həmçinin üzərində dörd və ya on iki nöqtə təsvir edilmiş şəkillərə baxıblar.

Nəticələr göstərib ki, eşidilən hecaların sayı ilə görünən nöqtələrin sayı üst-üstə düşdükdə beynin təpə-gicgah nahiyəsində aktivlik azalır. Bu, böyüklərdə də müşahidə olunan və tanış məlumatların emalı zamanı beynin daha az resurs sərf etməsi ilə xarakterizə olunan "təkrarlanmanın yatırılması" effektidir.

Hecaların və nöqtələrin sayı uyğun gəlmədikdə isə neyron aktivliyi artıb. Bu da beynin obyektlərin sayındakı fərqləri müəyyən edə bildiyini göstərir.

Tədqiqat müəlliflərinin sözlərinə görə, bu nəticələr insanda anadangəlmə say hissəsinin sinir mexanizminə dair ilk birbaşa sübut hesab olunur. Alimlər bildirirlər ki, sayın qiymətləndirilməsi qabiliyyəti dil və ya təhsildən asılı deyil və doğulduğu andan etibarən mövcuddur.

Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyət təkamül baxımından mühüm rol oynayıb və canlılara potensial təhlükələrin və ya qida mənbələrinin sayını sürətlə qiymətləndirməyə kömək edib. Bundan əvvəlki araşdırmalar da erkən yaşlarda inkişaf etmiş say hissəsinin gələcək riyazi bacarıqlarla əlaqəli olduğunu göstərib.

Müəlliflər bildirirlər ki, yeni doğulan körpələrdə say qavrayışının sinir mexanizmlərinin öyrənilməsi gələcəkdə riyaziyyatın mənimsənilməsini çətinləşdirən diskalkuliya riskini erkən mərhələdə müəyyən etməyə imkan verən biomarkerlərin hazırlanmasına kömək edə bilər.

Bununla belə, tədqiqat hazırda yalnız preprint kimi dərc olunduğundan, hələ müstəqil elmi rəy prosesindən keçməyib.

Samir
 

0