Mütəxəssislər bildirirlər ki, şirniyyat, yağlı qidalar və karbohidratlarla zəngin məhsullara qəfil və nəzarətsiz meyl frontotemporal demensiyanın erkən əlamətlərindən biri ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.
"Alzheimer's Society"nin məlumatına görə, frontotemporal demensiyadan əziyyət çəkən şəxslər tez-tez şirniyyat, yağlı qidalar və karbohidratlı məhsulları həddindən artıq qəbul etməyə başlayırlar. Onlar qida qəbulunda ölçü hissini itirə, həmçinin süfrə davranışı qaydalarını unuda bilərlər.
Mütəxəssislərin sözlərinə görə, belə insanlarda davamlı yemək istəyi, alkoqol qəbuluna və ya siqaret çəkməyə qarşı nəzarətsiz meyl də yarana bilər. Xəstələr isə çox vaxt nə vaxt dayanmalı olduqlarını dərk etmirlər.
Frontotemporal demensiya beynin davranış, şəxsiyyət, qərarvermə və impulslara nəzarət funksiyalarına cavabdeh olan alın və gicgah paylarını zədələyir. "Alzheimer" xəstəliyindən fərqli olaraq, demensiyanın bu forması daha gənc yaşlarda da inkişaf edə bilər.
Ekspertlər vurğulayırlar ki, xəstələrin özləri çox vaxt baş verən dəyişikliklərin fərqinə varmırlar. Qeyri-adi davranışları ilk olaraq adətən ailə üzvləri və yaxınları müşahidə edirlər.
Həkimlər qəfil və səbəbi izah olunmayan qidalanma vərdişi dəyişikliklərinin, xüsusilə də xarakter və davranış dəyişiklikləri ilə müşayiət olunduğu halların diqqətdən kənarda saxlanılmamasını və vaxtında tibbi müayinədən keçməyi tövsiyə edirlər.
Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalarda demensiyadan əziyyət çəkən insanların beynində yüksək miqdarda mikroplastik hissəciklərin aşkar edildiyi bildirilmişdi. Bununla belə, mikroplastiklə demensiya arasında səbəb-nəticə əlaqəsi hələ elmi cəhətdən qəti şəkildə sübut olunmayıb.
Samir


