Bir çox insanlar nitratların sağlamlıq üçün təhlükəli olduğunu düşünür və tərkibində bu maddələr olan məhsullardan uzaq durmağa çalışırlar. Lakin mütəxəssislərin fikrincə, vəziyyət göründüyündən daha mürəkkəbdir.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya endokrinoloq və nutrisioloq Darya Haykina danışıb.
Həkimin sözlərinə görə, nitratlar bitkilərin inkişafı üçün zəruri olan təbii azot birləşmələridir. Ən çox nitrat isə sağlam qidalar hesab edilən çuğundur, ispanaq, rukola, kahı və digər yaşıl yarpaqlı tərəvəzlərdə olur.
“Bəli, gübrələr nitratların miqdarını artıra bilər. Bu faktdır və bunu inkar etməyin mənası yoxdur. Lakin hətta gübrələrdən ümumiyyətlə istifadə edilməsə belə, tərəvəzlərdə nitratlar yenə də olacaq. Çünki bitkilər azotu torpaqdan və sudan alırlar. Bu, onların böyüməsi üçün zəruri olan təbii qidalanma prosesidir”, deyə Darya Haykina bildirib.
Mütəxəssis əlavə edib ki, istixanalarda yetişdirilən tərəvəzlərdə nitratın miqdarı bəzən daha yüksək olur. Bunun səbəbi yalnız gübrələrin istifadəsi deyil, həm də günəş işığının azlığıdır. Belə şəraitdə bitki qəbul etdiyi azotu tam emal edə bilmir və nitratların bir hissəsi yarpaqlarda və meyvələrdə toplanır.
Darya Haykinanın sözlərinə görə, nitratlar orqanizmə daxil olduqdan sonra onların bir hissəsi azot oksidinə çevrilir. Bu maddə qan damarlarının genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Məhz buna görə də çuğundur və yaşıl yarpaqlı tərəvəzlər kardiologiya və idman təbabəti sahəsində geniş araşdırılır.
Həkim qeyd edib ki, aparılan tədqiqatlar qida mənşəli nitratların damarların fəaliyyətini yaxşılaşdırmağa və arterial qan təzyiqinin müəyyən qədər aşağı düşməsinə kömək edə biləcəyini göstərir.
“Bəs nitratlardan qorxmağa dəyərmi? Sağlam insanların böyük əksəriyyəti üçün cavab xeyrdir. Qəbul etdiyimiz nitratların təxminən 80–90 faizi məhz tərəvəzlərdən əldə olunur. Eyni zamanda tərəvəzlərin müntəzəm istehlakı ürək və damar sağlamlığının yaxşılaşması, həmçinin bədən çəkisinin idarə olunmasının asanlaşması ilə əlaqələndirilir”, deyə mütəxəssis vurğulayıb.
Sonda Darya Haykina nitratlarla bağlı narahatlığa görə tərəvəzlərdən imtina etməməyi tövsiyə edib.
“Buna görə də əsas məsələ kifayət qədər tərəvəz istehlak etməkdir, ‘nitrat’ sözündən ehtiyatlanmaq deyil. Bəzən ən təhlükəli hesab edilən məhsullar düşündüyümüzdən daha faydalı olur”, deyə o bildirib.
Samir


