Yeni araşdırma yaşıl çayın beyin sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya qoyub. Tədqiqatın nəticələrinə əsasən, bu qədim içki yaşlanma ilə əlaqədar yaranan koqnitiv funksiyaların zəifləməsini ləngitməyə kömək edə bilər.
HİT.az xəbər verir ki, bu barədə "Futura" nəşri yazıb.
Mütəxəssislərin sözlərinə görə, yaş artdıqca beyində müxtəlif struktur dəyişiklikləri baş verir. Onlardan biri ağ maddədə yaranan zədələnmələrdir. Bu dəyişikliklər koqnitiv qabiliyyətlərin zəifləməsi və demensiya kimi xəstəliklərin inkişafı ilə əlaqələndirilir.
Alimlər bildirirlər ki, qidalanma və içkilər orqanizmin, o cümlədən beynin sağlamlığına təsir göstərə bilər. Bu baxımdan onların diqqətini yaşıl çay cəlb edib. "Nature" jurnalında dərc olunan Yaponiya tədqiqatı yaşıl çayın müntəzəm istifadəsi ilə beyində arzuolunmaz zədələnmələrin azalması arasında ümidverici əlaqə müəyyən edib.
Araşdırmaya görə, yaşıl çay tərkibində güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik katexinlərlə zəngindir. Yapon alimlərinin qənaətincə, bu maddələr qan damarlarına və sinir hüceyrələrinə birbaşa təsir göstərərək onları oksidləşdirici stressin yaratdığı zədələrdən qorumağa kömək edir.
Tədqiqat zamanı gündə ən azı üç fincan yaşıl çay içən iştirakçılarda beynin ağ maddəsində zədələnmələrin daha az olduğu müşahidə edilib. Alimlər hesab edirlər ki, bu təsir qismən yaşıl çayın arterial təzyiqi aşağı salması və beyin qan dövranını yaxşılaşdırması ilə əlaqədardır. Bu isə beyin toxumasında xırda zədələnmələrin yaranma riskini azalda bilər.
Mütəxəssislər vurğulayırlar ki, əldə olunan nəticələr hələlik ilkin xarakter daşıyır. Onların fikrincə, yaşıl çayın gündəlik rasiona daxil edilməsi beyin sağlamlığının qorunmasına kömək edə bilər, lakin bu nəticələrin təsdiqlənməsi və dəqiq tövsiyələrin hazırlanması üçün əlavə araşdırmalara ehtiyac var.
Bununla yanaşı, tədqiqat göstərib ki, yaşıl çayın müsbət təsiri əsasən depressiya və müəyyən genetik risk faktorları olmayan insanlarda müşahidə olunub.
Daha əvvəl də bildirilmişdi ki, yaşıl çay yüksək arterial təzyiqin idarə olunmasına kömək edən ən faydalı çay növlərindən biri hesab olunur. Elmi məlumatlar onun qan təzyiqi göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərə biləcəyini göstərir.
Samir


