Altı həftə yuxusuzluq nə qədər artıq çəkiyə səbəb ola bilər?

SAĞLAMLIQ
09:32 / 08.07.2026
57

ABŞ-ın "Columbia University" universitetinin alimləri müəyyən ediblər ki, hətta orta dərəcədə xroniki yuxu çatışmazlığı cəmi altı həftə ərzində təxminən 0,5 kiloqram çəki artımına səbəb ola bilər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Annals of Internal Medicine" (AIM) jurnalında dərc olunub.

Araşdırmada gündəlik adətən 7–8 saat yatan 95 sağlam yetkin iştirak edib. Təcrübə zamanı iştirakçılar altı həftə ərzində hər gün adi vaxtdan təxminən 80–90 dəqiqə gec yatıblar. Daha sonra isə növbəti altı həftə ərzində yenidən əvvəlki yuxu rejiminə qayıdıblar.

Tədqiqat müddətində alimlər iştirakçıların yuxu müddətini, fiziki aktivliyini, bədən çəkisini, bel çevrəsini və maddələr mübadiləsi ilə bağlı bir sıra göstəriciləri izləyiblər.

Nəticələr göstərib ki, yuxu müddətinin azaldıldığı altı həftə ərzində iştirakçılar orta hesabla 0,5 kiloqram çəki yığıblar. Bununla yanaşı, onların fiziki aktivliyi də azalıb. Gün ərzində oturaq və ya hərəkətsiz keçirilən vaxt orta hesabla 17 dəqiqə artıb. Kişilərdə və menopauza dövrünü keçmiş qadınlarda isə bu göstərici təxminən 30 dəqiqəyə çatıb.

Tədqiqatın rəhbəri Mari-Pyer Sent-Onj bildirib ki, yarım kiloqramlıq artım ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin bu nəticə həyat tərzində başqa heç bir dəyişiklik olmadan cəmi altı həftə ərzində qeydə alınıb. Onun sözlərinə görə, belə yuxu rejimi aylarla və ya illərlə davam edərsə, çəki artımı artıq klinik baxımdan ciddi problemə çevrilə bilər.

Müəlliflər qeyd ediblər ki, əvvəlki tədqiqatların əksəriyyəti gündə cəmi dörd saat yuxu kimi ekstremal yuxu çatışmazlığının təsirlərini araşdırırdı. Yeni tədqiqat isə bir çox insanın real həyat şəraitinə uyğun olaraq gündə 5–6 saat yatdığı vəziyyəti modelləşdirib.

Alimlər xatırladıblar ki, həmin könüllülər üzərində aparılmış əvvəlki araşdırmalar da xroniki yuxusuzluğun insulinə həssaslığı azaltdığını və ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqəli iltihabi prosesləri gücləndirdiyini göstərmişdi.

Tədqiqat müəlliflərinin fikrincə, sağlam yuxu düzgün qidalanma və fiziki aktivliklə yanaşı, piylənmənin qarşısının alınmasının əsas komponentlərindən biri kimi qiymətləndirilməlidir.

Samir

0