Məlum olduğu kimi, Samux rayonunda qarayara xəstəliyinin qeydə alınması ilə bağlı yayılan məlumatlar rəsmi qurumların açıqlaması ilə təsdiqini tapıb.
Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə yaydığı məlumatda bildirilib ki, ərazidə aparılan ilkin epidemioloji araşdırmalar zamanı bir şəxsdə qarayara infeksiyası laborator müayinələrin nəticəsi əsasında təsdiqlənib. Hadisənin xəstə heyvanla təmasla əlaqəli olduğu müəyyənləşdirildikdən sonra həmin şəxslə təmasda olmuş insanların da sağlamlıq vəziyyətinin yoxlanılması istiqamətində tədbirlər görülüb.
Rəsmi məlumata əsasən, xəstə heyvanla təmasda olduğu müəyyən edilən daha 9 nəfər tibbi nəzarətə götürülərək Gəncə şəhərində yerləşən Abbas Səhhət adına şəhər xəstəxanasına yerləşdirilib. Hazırda əsas diqqət xəstəliyin digər şəxslər arasında yayılmasının qarşısının alınmasına və potensial təmasların müəyyənləşdirilməsinə yönəlib.
Bəs qarayara hansı hallarda insana keçir? Bundan başqa, xəstəlikdən qorunmaq üçün hansı tədbirlər görülməlidir?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, qarayara bakterial mənşəli və insan və heyvanlar üçün ciddi təhlükə yarada bilən infeksion xəstəlikdir:

“Xəstəliyə səbəb olan “Bacillus anthracis” bakteriyası əlverişsiz şəraitdə spor formasına keçərək torpaqda və digər ətraf mühit obyektlərində uzun illər, hətta onilliklər ərzində öz yoluxduruculuğunu qoruya bilir. İnsanlarda yoluxma əsasən xəstə və ya yoluxmuş heyvanlarla təmas zamanı, xüsusilə onların dərisi, toxumaları və əti ilə təmas nəticəsində baş verir. Heyvanlar arasında infeksiyanın yayılması da əsasən yoluxmuş heyvan və ya onun ifrazatları ilə təmas, həmçinin çirklənmiş ətraf mühit vasitəsilə mümkün olur”.
Ekspertin sözlərinə görə, qarayaranın genişmiqyaslı epidemiyalara səbəb olması nisbətən nadir haldır:
“Çünki xəstəlik aşkarlandıqda tətbiq edilən baytarlıq və epidemioloji tədbirlər infeksiyanın yayılmasını məhdudlaşdırmağa imkan verir. Vəhşi heyvanlar arasında xəstəlik kəskin şəkildə yayıldıqda müəyyən ərazidəki heyvan populyasiyasına ciddi zərər dəyə bilər, lakin insanlar arasında yoluxmanın qarşısının alınması üçün vaxtında karantin və digər məhdudlaşdırıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır”.
Həkim qeyd edib ki, xəstə və ya yoluxduğundan şübhələnilən heyvanla birbaşa təmas infeksiyaya yoluxma baxımından riskli hesab olunur:
“Bu səbəbdən xəstəliyin yayılmasının qarşısını almağın əsas yollarından biri yoluxma mənbəyinin dərhal təcrid edilməsi və ərazi üzrə müvafiq karantin rejiminin tətbiq olunmasıdır. Epidemioloji vəziyyətdən asılı olaraq xəstə heyvanların zərərsizləşdirilməsi, təmasda olmuş insanların isə tibbi nəzarətə götürülməsi və zərurət yarandıqda izolyasiya edilməsi həyata keçirilir”.
A.Qeybulla diqqətə çatdırıb ki, qarayaranın müalicəsində əsas istiqamətlərdən biri həkim nəzarəti altında antibiotik terapiyasının aparılmasıdır:
“Müalicənin məqsədi yalnız bakterial infeksiyanı aradan qaldırmaq deyil, həm də xəstəliyin yaratdığı ağırlaşmaların və orqanizmin ümumi intoksikasiyasının qarşısını almaqdır. Xəstənin ümumi vəziyyətinə uyğun olaraq əlavə dəstəkləyici müalicə tədbirləri də tətbiq edilə bilər.
Bununla belə, qarayara zamanı ən effektiv yanaşmalardan biri xəstəliyə yoluxmanın ümumiyyətlə baş verməməsi üçün profilaktik və epidemioloji tədbirlərin vaxtında həyata keçirilməsidir”.
Günel Cəlilova


