Qan təzyiqini aşağı salmaq üçün təbii vasitə

SAĞLAMLIQ
19:58 / 23.10.2026
53

Xüsusi emal olunmuş Koreya jenşeninin hipertoniyanın ilkin mərhələsində arterial təzyiqin azalmasına kömək edə biləcəyi müəyyən edilib.

HİT.az xəbər verir ki, Cənubi Koreya və Kanadadan olan alimlər bitki əsaslı iki preparatın təsirini 12 həftə ərzində araşdırıblar. Tədqiqatın nəticələri “Nutrients” elmi jurnalında dərc olunub.

Klinik araşdırmada arterial təzyiqi yüksək olan 90 yetkin şəxs iştirak edib. Onlar üç qrupa bölünüblər: bir qrupa ağ jenşen, digərinə qırmızı jenşen əsasında hazırlanmış preparat, üçüncü qrupa isə plasebo verilib. Bitki mənşəli preparatların hər ikisi jenşenin xüsusi emalı nəticəsində miqdarı artan Rg3 ginzenozidi adlı bioloji aktiv maddə ilə zənginləşdirilib.

Nəticələrə görə, ağ jenşen qəbul edən iştirakçıların sistolik təzyiqi orta hesabla 7,27 mm civə sütunu, qırmızı jenşen qəbul edənlərdə isə 9,86 mm civə sütunu azalıb. Plasebo qəbul edən qrupda isə bu göstərici 5,03 mm civə sütunu artıb.

Diastolik, yəni aşağı təzyiq də ağ jenşen qəbul edənlərdə 5,27, qırmızı jenşen qəbul edənlərdə isə 6,32 mm civə sütunu aşağı düşüb. Alimlər hər iki qrupdakı dəyişikliklərin plasebo ilə müqayisədə statistik əhəmiyyət daşıdığını bildiriblər.

Tədqiqatçılar mümkün təsiri Rg3 ginzenozidinin qan damarlarının daxili qatına təsiri ilə əlaqələndirirlər. Ehtimala görə, bu maddə damarların genişlənməsinə kömək edən azot oksidinin istehsalını stimullaşdıra bilər. Nəticədə damar müqaviməti azalır və arterial təzyiq aşağı düşə bilər.

Bununla belə, araşdırma jenşenin yüksək təzyiqin müalicəsində standart dərmanları əvəz etdiyini göstərmir. Hipertoniyası olan şəxslər həkimlə məsləhətləşmədən təyin edilmiş dərmanları dayandırmamalı və jenşen preparatlarından müalicə məqsədilə özbaşına istifadə etməməlidirlər.

Samir

0