Uşaqlar arasında yayılan viruslara qarşı MÜBARİZƏ YOLLARI

SAĞLAMLIQ
15:00 / 15.09.2026
187

“Son günlərdə uşaqlar arasında əsasən enterovirus, rotavirus, qrip və adenovirus kimi infeksiyaların yayılması müşahid olunur”.

Bu sözləri infeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu virusların kütləvi şəkildə yayılmasının əsas səbəbi məktəblərin və bağçaların açılması, eləcə də uşaqların toplu şəkildə bir araya gəlməsidir:


“Nəticədə, virusların ötürülməsi və yayılma sürəti kəskin şəkildə artır. Xəstəlik zamanı uşaqlarda ən çox ürəkbulanma, qusma, ishal, yüksək hərarət, halsızlıq və iştahsızlıq və öskürək kimi şikayətlər ortaya çıxır.

Xüsusilə öskürək son dövrlərdə tez-tez müşahid olunur. Bu simptomlar adətən 1 həftədən 10 günə qədər davam edə bilər. Bir çox hallarda xəstəlik öz-özünə düzəlsə də, müəyyən təhlükəli hallara qarşı diqqətli olmaq lazımdır”.

Mütəxəssis nə zaman həkimə müraciət etmək lazım olduğundan da bəhs edib:
“Uşaqda kəskin iştahsızlıq varsa, temperatur dərmanlara təzyiq göstərərək müqavimətli şəkildə yüksək qalırsa, orqanizmdə susuzlaşma yaranırsa, uşaq maye qəbul edə bilmirsə və ya kəskin ishal müşahid olunursa, mütləq həkimə müraciət edilməlidir. Lakin müalicə üsulunu yalnız mütəxəssis pediatr təyin etməlidir”.

İnfeksionist valideynlərə də xəbərdarlıq edib:
“Hərarət bir neçə gün davam etdikdə valideynlərin özbaşına antibiotik müalicəsinə başlaması qətiyyən yolverilməzdir. Bunun iki ana səbəbi var. Birincisi, antibiotiklərin viruslara qarşı heç bir təsiri və köməyi yoxdur. İkincisi, antibiotik istifadəsi mədə-bağırsaq sisteminin təbii florasını poza, habelə mədə-bağırsaq iltihabı olan xəstələrdə vəziyyəti daha da ağırlaşdıra bilər. 

Ona görə də valideynlər uşaqların qidalanmasına xüsusi diqqət yetirməli, onlara şəxsi gigiyena qaydalarını izah etməlidirlər. Uşaqlara əllərini tez-tez yumaq, qida qəbul etməzdən əvvəl təmizliyə riayət etmək kimi vərdişlər aşılanmalıdır”.

Pərviz

0