Avropa İttifaqının kritik əhəmiyyətli xammal üzrə Çindən asılılığı 80 faizə çatır, bəzi nadir torpaq elementləri üzrə isə bu göstərici 90 faizə yüksəlir.
HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Avropa İttifaqında hələ də "təhlükəli asılılıqlar" həddindən artıq çoxdur.
Avropa Komissiyasının rəhbəri həmçinin bildirib ki, Aİ-nin Çinlə ticarət balansındakı kəsir hazırda gündə 1 milyard avro təşkil edir. Siyasətçinin sözlərinə görə, vəziyyət kritik həddə çatıb və yeni "Çin böhranı" başlayıb.
Fon der Lyayen qeyd edib ki, bu vəziyyət bütün Avropa İttifaqı ərazisində cəmiyyətə və müəssisələrə təsir göstərir, həmçinin Avropanın sənaye mərkəzlərində deindustrializasiyaya gətirib çıxarır. O vurğulayıb ki, hazırda Brüssel Pekinlə ticarətin balanslaşdırılması məsələsi üzrə dialoq aparır.
Avqustun sonunda fon der Lyayen bildirmişdi ki, Avropa İttifaqının iqtisadi rifahı uzun müddət Rusiyadan gələn enerjiyə, Çinə ixraca və Qərbin texnoloji üstünlüyünə əsaslanıb. Onun sözlərinə görə, bütün bu aşkar üstünlüklər artıq aradan qalxıb.
Samir


