Rəsul Abbasov Qarabağ haqqında film çəkir - AÇIQLAMA

MƏDƏNİYYƏT
11:22 / 11.10.2023
847

Azərbaycan Ordusunun 2020-ci ildə 44 gün ərzində qələbə qazandığı Vətən müharibəsi ilə bağlı bir sıra əsərlər nümayiş olunub.

Bu tarixi zəfərimizi incəsənət xadimləri də ölümsüzləşdiriblər. Qələbəmizlə bağlı mahnılar bəstələnib, kliplər və filmlər ərsəyə gətirilib, tamaşalar səhnələşdirilib, kitablar yazılıb, rəsm əsərləri qələmə alınb və heykəllər hazırlanıb. Sözsüz ki, siyahını daha da uzatmaq olar. 

Tarixi zəfərimizin üçüncü ildönümünü yaşadığımız bu günlərdə Azərbaycan Ordusu daha bir uğura imza atdı. Şanlı Ordumuz sadəcə 24 saat ərzində Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək, separatçıların kökünü kəsdi. Bununla da separatçı qurum özünü buraxdığını elan etdi və qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizi tərk etdi. 

Beləliklə, Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Üstəlik, əli azərbaycanlıların qanına batmış bütün cinayətkarlar da həbs olundu. 

Hər iki zəfərimizlə bağlı incəsənət nümayəndələri də öz sahələrində yeni layihələr təqdim etməyə hazırlaşırlar. Onlardan biri də sevilən aktyor Rəsul Abbasovdur. Daha öncə Qarabağa həsr olunmuş mahnılarını təqdim edən sənətçinin növbəti yeniliklər edəcəyi də gözlənilir.

Bu barədə HİT.az-a açıqlama verən məşhur aktyor Rəsul Abbasov deyib ki, Qarabağla bağlı film layihəsi üzərində çalışır:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Əslində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə həsr olunmuş bir ssenari və ona uygun çəkiləcək qısametrajlı filmimiz var idi".

Aktyor qeyd edib ki, sözügedən filmin nümayişi 2024-cü ilə təxirə salınıb:

"Onu məhz bu il təqdim etməli idik. Amma texniki səbəblərə görə filmi başa çatdıra bilmədik. İnşallah mənə və komandamıza qismət olsa, gələn il Vətən müharibəsinin ildönümündə həmin layihəni tamaşaçılara təqdim edəcəyik".

Pərviz Şimşək

0