Konsert üçün kredit götürənlər...

MƏDƏNİYYƏT
16:40 / 03.11.2023
840

Son zamanlarda hər həftə xarici incəsənət nümayəndələri ölkəmizdə konsert proqramı ilə çıxış edir.

Əlbəttə ki, incəsənətin hər sahəsindən olan məşhurları ölkəmizdə canlı izləmək çox xoşdur. Xüsusilə qardaş Türkiyədən olan ulduzların Bakıya gəlməsi daha çox səs-küyə səbəb olur. Hətta biletlər qısa müddət ərzində tükənir.

Biletlərin qiymətləri isə xeyli diqqət çəkir. Çünki sözügedən rəqəmlərin kifayət qədər yüksək olduğu hamıya məlumdur. Hansısa bir konsert proqramında ən ucuz biletlər 30-40 manatdan başlayır. Həmin biletlərin isə zalın ən arxa yerləri olduğunu deməyə ehtiyac yoxdur. Yəni fiziki cəhətdən konsertdə olsanız da, faktiki olaraq səhnəni görmürsünüz və ekranlardan izləmək məcburiyyətində qalırsınız. Hərçənd ki, ekran qarşısından konsert izləmək üçün də 40 manat çox böyük puldur. Hətta deyərdim ki, ortalama 4 aylıq internetin ödəniş puludur.

Amma sıralar səhnəyə yaxınlaşdıqca qiymətlərdə yüksəlir. Bəlkə də yüksəlmə və ya bahalaşma ifadəsi tam uyğun olmaya bilər. Çünki bəhsi keçən konsertlərdəki bahalı qiymətlər ortalama 400-1000 arası kimi fantastik həddə olur. Yəni minimum əməkhaqqından neçə dəfə çox. Belə çıxır ki, sevdiyi məşhurları izləmək istəyən insan ya bir aylıq maaşını verməlidir, ya da 2-3 aylıq maaşı ilə bilet almalıdır. 

Yaxşı bəs bütün maaşı biletə versə, bütün ayı necə keçirəcək? Yolpulu, kommunal, qida və digər əsas xərcləri hesabları nəzərə alaraq bilet qiymətlərinə baxanda adam şoka düşür. Məhz bu səbəbdəndir ki, bunları düşünənlərin əksəriyyəti bilet almaqdan da, konsertə getməkdən də imtina edir. Prinsipcə, haqsız da deyillər. Çünki belə absurd qiymətə bilet olmaz. Amma olur...

İşin ən qəribə tərəfi isə odur ki, bayaqdan çox baha olduğunu əsaslandırdığım biletlər satılır. Özü də ya bir neçə saata, ya da bir neçə günə... Olduqca maraqlı statistikadır. İnsanlar axı nə üçün bu qədər bahalı biletləri alırlar, anlamaq mümkün deyil...

İnflyasiyanın və bahalaşmanın olduğu bir zamanda hər həftə belə bahalı konsertlərin biletlərininin günlər öncəsindən tükənməsi də diqqətdən yayınmır... Eynən "Iphone" modelinin son modeli Bakıya gələn kimi uzun növbələrin yaranmasının səbəbini anlamadığımız kimi bunu da başa düşmürük. 

Sonda bir maraqlı faktı da qeyd etmək lazımdır. Necə ki, "Iphone" almaq üçün kredit götürən insanlar var, sözügedən konsertlərə getmək üçün də anoloji addımı atanları görürük. Yəni indi də konsertə getmək üçün kredit götürən və borc alan insanlara rast gəlirik. Nə qədər absurd da görünsə, 1-2 saatlıq konsert üçün bir neçə ay faizi ilə birlikdə borc ödəyənlər var. Görünür, bəzi insanlar bahalı zövqlər və əyləncələr üçün bu addımı atmağı normal hesab edirlər. Konsert üçün borca girməyə dəyib-dəyməyəcəyi məsələsini isə oxucuların ixtiyarına buraxıram...

Pərviz

0