Homerin məşhur “Odisseya” dastanının təxminən 1700 il əvvələ aid olduğu düşünülən kiçik perqament parçası Niderlandın Utrext Universitetinin kitabxanasında aşkarlanıb.
HİT.az xəbər verir ki, cəmi 6,6 x 7,7 santimetr ölçüsündə olan perqamentdə əsərin 12-ci kitabından bəzi misraların yer aldığı müəyyən edilib. Təxminən eramızın 300-cü ilinə aid edilən parçanın Misirdə hazırlandığı və qədim dövrdə daşınması asan olan kiçik ölçülü kodeksin bir hissəsi olduğu ehtimal edilir.
Perqamenti Radboud Universitetinin yunan ədəbiyyatı üzrə mütəxəssisi Mark de Kreij araşdırmalar zamanı aşkar edib. O, Utrext Universiteti Kitabxanasının XX əsrin ortalarında əldə etdiyi erkən xristian əlyazmalarını incələyərkən bu fraqmentə rast gəlib.
Mətn “Odisseya”nın Odysseusun adamlarının Günəş tanrısı Heliosa məxsus müqəddəs mal-qaranı kəsməsi ilə bağlı hissəsindən götürülüb. Kirkenin xəbərdarlıqlarına baxmayaraq, aclıq səbəbindən mal-qaranı öldürən heyət sonradan Zevsin göndərdiyi fırtına nəticəsində məhv olur. Hadisələr zamanı yalnız Odysseus sağ qalır.
Araşdırmaçılar perqamentin Misirin Fayum vahəsindən gəldiyini düşünürlər. Onun kiçik ölçülü kodeksin orta hissəsində yerləşməsi əsrlər boyu qorunub saxlanmasına səbəb ola bilər.
Mütəxəssislərin məlumatına görə, bu ölçü və quruluşa malik antik mətnlərdən təxminən 30 nümunə məlumdur. Mark de Kreijin “Odisseya” parçası ilə yanaşı, kolleksiyadakı digər yunan-Roma sənədlərinə dair geniş araşdırmasının da kitab şəklində yayımlanacağı bildirilir.
Samir


