SİYASƏT
10:10 / 30.03.2021
307

Alman səfir bir dəfə də olsun işğaldan azad olunan ərazilərə getməyib...

Trend agentliyində son günlər Almaniyanın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzlə bağlı material yayımlanıb. HİT.Az həmin məqaləni təqdim edir:

Son zamanlar Almaniya mediasında Azərbaycana qarşı ardıcıl hücumlar təşkil edilir, ölkəmiz haqqında əsassız iddialar səsləndirilir. Hətta 44 günlük Vətən müharibəsinin aktiv dövründə də Almaniya Azərbaycan ordusunun zəfər yürüşünü həzm edə bilmədi. O zaman da bu ölkənin rəsmiləri əsassız bəyanatlar verdi, mediada isə arqumentsiz və məntiqsiz materiallar dərc edildi.

Sual olunur, Almaniya nə üçün Azərbaycana qarşı belə qərəz nümayiş etdirir? Əlbəttə, ortada ermənipərəstlik və erməni diasporu faktoru var. Görünən odur ki, Almaniya Azərbaycanın Ermənistan üzərində qələbəsini həzm edə bilmir. Bunu hər dəfəsində isbat edən çox kiçik bir nüansa diqqət edək: Almaniyanın ölkəmizdəki səfiri bir dəfə də olsun diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə səfərlərinə qoşulmayıb. Səfir nümayişkəranə şəkildə, xüsusi təlimat əsasında bu səfərlərdən imtina edib.

Ona görə də hazırda Almaniya siyasi cameəsində və mediasında Azərbaycana qarşı qərəz püskürdülməsi heç də təsadüfi deyil. Öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaran Almaniya Azərbaycana qarşı əsassız iddialar səsləndirməkdən belə çəkinmir. Halbuki, bu ölkədə hazırda istər iqtisadi durum, istərsə də ölkədaxili siyasi münasibətlərin tənzimlənməsində ciddi problemlər yaşanır. Xüsusən də COVİD-19-la mübarizədə effektiv siyasət apara bilməyən Almaniya indi ciddi iqtisadi-maliyyə problemləri ilə də üz-üzədir. Hakimiyyət ölkəni siyasi böhran həddinə çatdırıb. İrqçilik, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlük, islamofobiya geniş vüsət alıb, korrupsiya və polis zorakılığı özünün son həddinə çatıb. Mövcud hakimiyyət isə bu neqativ tendensiyanın qarşısını ala bilmir.

Özünü demokratiyanın beşiyi adlandıran Almaniyada polis zorakılığı ilə bağlı tək bir misal çəkək - Xatırlayırsınızsa, ötən ilin avqust ayı Almaniyanın Düsseldorf şəhərində polis yetkinlik yaşına çatmayan uşağı boynunu sıxaraq tutmağa çalışdığı görüntülər bütün dünyada rezonans yaratmışdı.

Şəhər mərkəzindəki restoranlardan birində baş vermiş insidentlə əlaqədar çağırılan polis hadisədə iştirak etməyən şəxsi, “polisin fəaliyyətinə maneə olduğuna” görə tutmaq istəyib.

Polisin saxladığı şəxsi yerə yıxaraq boynunu dizi ilə sıxması ABŞ-dan olan Corc Floyd hadisəsini xatırlatdı. Ətrafdakıların polisə verdiyi reaksiya da heç nəyi dəyişmədi.

Almaniyada polis zorakılığı ilə bağlı bu kimi onlarla fakt göstərmək olar. Eləcə də korrupsiya halları ilə əlaqədar bu gün Almaniyada çox ciddi tendensiya yaşanır.

Bütün bunları görməzdən gələn alman hökuməti və mediası nədən Azərbaycan kimi ölkələrin "bostanına daş atmasının" yalnız bir izahı var - Azərbaycanın İkinci Qarabağ savaşında şanlı qələbəsi, Ermənistanın isə acı məğlubiyyəti ilə barışmamaq...

 

0