“Hesab edirəm ki, “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsini ölkəmizin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu proqram Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi şaxələndirmə, sənayeləşmə və qeyri-neft sektorunun inkişafı siyasətinin məntiqi davamıdır:
“Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkədir. Lakin müasir iqtisadi inkişaf yalnız təbii sərvətlərin hasilatı ilə məhdudlaşmır. Əsas məqsəd həmin resurslardan səmərəli istifadə etməklə ölkə daxilində emal zənciri yaratmaq, daha yüksək əlavə dəyər formalaşdırmaq və rəqabətqabiliyyətli sənaye məhsulları istehsal etməkdir. Yeni Dövlət Proqramının əsas əhəmiyyəti də məhz bundan ibarətdir.
Proqram çərçivəsində 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sektoruna 5,3 milyard manat investisiyanın yönəldilməsi nəzərdə tutulur. 2030-cu ilədək bu sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması qarşıya mühüm hədəflər qoyulduğunu göstərir”.
Millət vəkili qeyd edib ki, “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” kimi yataqların istismara hazırlanması, mis, sink, qurğuşun, qızıl və dəmir filizlərinin emalı imkanlarının genişləndirilməsi ölkəmizin mineral-xammal potensialının daha səmərəli istifadəsinə imkan verəcək:
“Burada söhbət təkcə hasilatdan getmir. Əsas məsələ hasil olunan xammalın ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsidir. Bu proqramın regionların inkişafı baxımından da əhəmiyyəti böyükdür.
Yeni müəssisələrin yaradılması, müasir istehsal texnologiyalarının tətbiqi, infrastrukturun genişləndirilməsi və investisiyaların cəlb olunması yeni iş yerlərinin açılmasına və regionlarda iqtisadi fəallığın artmasına şərait yaradacaq. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat imkanlarının genişləndirilməsi də həmin ərazilərin iqtisadi potensialının hərtərəfli reallaşdırılması baxımından mühüm addımdır”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının genişləndirilməsi və ixrac imkanlarının artırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir:
“Yeni Dövlət Proqramı da bu siyasətin strateji əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Düşünürük ki, qarşıdakı illərdə əsas hədəflərdən biri Azərbaycanın təbii sərvətlərini müasir texnologiyalar, investisiya və insan kapitalı ilə birləşdirərək daha yüksək iqtisadi dəyərə çevirmək olacaq.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı həm iqtisadiyyatımızın şaxələndirilməsinə, həm sənaye potensialımızın güclənməsinə, həm də Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə mühüm töhfə verəcək. Bu baxımdan yeni Dövlət Proqramı ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafına xidmət edən mühüm strateji sənəddir”.
Elmir Mustafa



